“Xəzər Lənkəran” kubokda “Neftçi”yə uduzmur
27.05.2013 - 16:16
“Xəzər Lənkəran” kubokda “Neftçi”yə uduzmur
Azərbaycan kuboku tarixində ilk dəfə finalda “Böyük oyun” baş tutacaq. Apasport.az saytının məlumatına görə, “Neftçi” və “Xəzər Lənkəran” arasında oyunla 2012/13 mövsümünə də yekun vurulacaq. Mövsümün son qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bu qarşılaşma rəqiblər arasında 28-ci dueldir. İndiyədək baş tutan 27 görüşdə daha çox heç-heçə qeydə alınıb. Belə ki, bu matçların 11-də qalib müəyyənləşməyib. Komandalar isə hərəyə 8 dəfə qalib gəlməyi bacarıb. Bu matçlardakı top fərqində bakılılar hələlik öndədir – 28:25.

Baş tutan 27 matçdan 25-i Azərbaycan çempionatında keçirilib. Kubokda isə yolları yalnız 1 dəfə kəsişən komandalar 2010/11 mövsümündə 1/4 finalda 2 dəfə üz-üzə gəlmişdi. Finalda isə azarkeşlər ilk dəfə “Böyük oyun” izləyəcək.

Həmin duel lənkəranlıların xeyrinə başa çatmışdı. Bakıdakı məhsuldar oyunda 4:3 hesabı ilə qalib gələn “Xəzər Lənkəran” evdəki bərabərliklə mərhələ adlamışdı. Kubokda “Neftçi”yə uduzmayan Lənkəran təmsilçisi tarixində 4-cü dəfə kuboku qazanmaqla rekorda şərik olmağa yaxındır. Bu göstəricidə rekord isə “Neftçi” ilə “Kəpəz”ə məxsusdur. Bu komandalar hərəyə 4 dəfə kuboku başı üzərinə qaldırıb.

Mənbə: lankaranfc.com
0