“Qalatasaray” ÇL-nin sürpriz komandası seçildi
28.05.2013 - 00:46
“Qalatasaray” ÇL-nin sürpriz komandası seçildi
UEFA bu mövsüm Çempionlar Liqasının ən yaxşılarının adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bir çox nominasiyaların yer aldığı siyahıda Türkiyə klubu da mükafatsız qalmayıb.

Belə ki, Avropanın ən titullu klub turnirində gözəl oyunun ilə diqqət çəkən və 1/4 finalda “Real”a uduzub turnirlə vidalaşan “Qalatasaray” Çempionlar Liqasının sürpriz komandası seçilib.

Turnirin qalibi olan “Bavariya” isə ilin komandası ünvanına yiyələnib. Münhen klubunun finalda məğlub etdikləri Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Kloppa da mükafat verilib. Təcrübəli çalışdırıcı ilin ən yaxşı baş məşqçisi adına layiq görülüb.

“Milan”ın fransalı müdafiəçisi Filipp Meksesin “Anderlext”in qapısına vurduğu top isə ilin ən yaxşı qolu seçilib.

Çempionlar Liqasının digər mükafatları isə bunlardır:

Ən yaxşı an: Zaqreb “Dinamo”sunun futbolçusu İvan Krstanoviçin Kiyev “Dinamo”sunun qapısından penaltidən keçirdiyi topla komandasının Çempionlar Liqasında qolsuz başa vurmasına əngəl olmasıdır.

Ən yaxşı oyunu ilə diqqət çəkən futbolçu: “Malaqa”nın 21 yaşlı yarımmüdafiəçisi İskodur. İspaniyalı futbolçu çıxış etdiyi 8 matçda 3 qola imza atıb və 4 qolun da ötürməsinin müəllifi olub.

Ən yadda qalan rəqəm: 50 – “Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldonun yarımfinalda Dortmund “Borussiya”sına 4:1 hesabı ilə uduzduqları matçda həm komandasının yeganə topunu, həm də Çempionlar Liqasında karyerasının 50-ci qolunu rəqibin qapısından keçirib.

Ən yadda qalan söz: “Seltik”in baş məşqçisi Skott Braun – “Bəli, hər oyundan öncə “Cəsur ürək” filmini izləyib, Şotlandiya donlarımızı geyib, birlikdə rəqs edirik”.