“Xəzər”lə oyun mənim üçün çox prinsipial idi” - MÜSAHİBƏ
29.05.2013 - 13:42
“Xəzər”lə oyun mənim üçün çox prinsipial idi” - MÜSAHİBƏ
“Neftçi” klubunun müdafiəçisi Denis Silva ölkə kubokunun finalında “Xəzər Lənkəran” üzərində qazanılan qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Görüşlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Qarşılaşma mənim üçün çox prinsipial idi. Çünki 3 il əvvəl məhz “Xəzər Lənkəran”ın formasını geyinmişəm. İndi isə “Neftçi”nin uğurları üçün çalışıram. Meydana qələbə üçün çıxmışdıq. Bunu bacardığımıza görə çox şadam. Amma oyundan sonra baş verən qalmaqalın heç yeri yox idi.

- Bu dərəcədə prinsipiallıq nədən qaynaqlanırdı? “Xəzər Lənkəran”da oynadığınız vaxt sizə qarşı hansısa xoşagəlməz hərəkətə yol verilib?
- Xeyr, heç kim məni qovmayıb, nə də hansısa kobud hərəkət etməyib. Sadəcə, bu komandalar arasındakı oyun derbi hesab edilir və hər zaman gərginliyi ilə yadda qalır. Görüşdən sonra baş verənlər buna sübutdur. Bu baxımdan qeyd etdim ki, oyun mənim üçün əhəmiyyətlidir.

- 120 dəqiqə mübarizə aparmaq çətin olmadı?
- Hamı üçün çətin idi. Çox güc sərf etdik. Əsas odur sonda zəhmətimizi bəhrəsini gördük.

- Ötən il “Neftçi” son oyunda kuboku əldən vermişdi. Bu dəfə isə penaltilər seriyasında sevindiniz. Çempion komanda üçün ölkə kuboku çoxmu əhəmiyyətlidir?
- Ötən il də kuboku qazanmaq üçün çox güc sərf etdik. Finala qədər ağır yol qət etmişdik. Bu gün isə stadionu kubokla tərk edirik. Biz meydana bunun üçün çıxmışdıq, məqsədimizə də nail olduq. Futbolçu üçün hər bir titul vacibdir.

- Rahid Əmirquliyev final matçının ən yaxşısı seçildi. Bu seçimlə razılaşırsınızmı?
- Rahid çox istedadlı və yaxşı oyunçudur. Onun ən yaxşı seçilməsi normaldır. Kimin daha yaxşı olduğunu görmək isə mənim üçün çox çətin idi. Çünki bütün diqqətimi oyuna yönəltmişdim. Hansısa futbolçunu izləmirdim.

- “Qızıl dubl”dan sonra Çempionlar Liqasında uğur qazanmaq vacibdir. “Neftçi”nin buna gücü çatacaqmı?
- Ciddi hazırlaşmalıyıq. Çünki həm Çempionlar, həm də Avropa Liqasında çıxış edən komandaların hamısı uğur qazanmaq istəyir. Onlar heyətlərini gücləndirmək üçün, yaxşı futbolçularla müqavilə imzalamaq üçün pullar xərcləyirlər. Təbii ki, hər bir klub bu yatırımın qarşılığını görmək istəyir. Ona görə də çətin olacaq.

- İstirahətlə bağlı planlarınız necədir?
- 15-20 gün dincələcəyik. Bundan sonra hazırlıq başlayacaq. İstirahəti Braziliyada keçirəcəyəm.
0