Ramin Musayev: Çox ağır, çox sərt cəzalar olacaq - MÜSAHİBƏ
29.05.2013 - 14:21
Ramin Musayev: Çox ağır, çox sərt cəzalar olacaq - MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

- Azərbaycan kubokunun final matçı ilə mövsümə yekun vuruldu. Əla təşkilatçılığı ilə diqqət çəkən “Neftçi” - “Xəzər Lənkəran” qarşılaşması istədiyiniz kimi alındımı?
- Mən təşkilatçılıqla bağlı fikir söyləyə bilmərəm. Açılış mərasimində əlimizdən gələni etdik. Amma onu da deyim ki, mənə gələn zənglərdə açılışın bəyənildiyini dedilər. Oyuna gəlincə, çox maraqlı keçdi. Futbol bayramı ilə 28 may Respublika günü bayramı bir-birinə qarışdı. Hər 2 komanda gözəl oyun nümayiş etdirdi. Mənə elə gəlir ki, qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasında bəxt amili özünü göstərdi.

- Bəs görüşdən sonra baş verən qalmaqal təşkilatçılığa kölgə salmadı?
- Kölgə deməzdim. Çünki oyundan sonra udan-uduzan tərəf biri sevincindən, biri yenilməyindən səhv addım atır. Dünyanın hər yerində belə şeylər olur. Mən çılğın olmağıma baxmayaraq, belə şeylərin tərəfdarı deyiləm. Olmamalı idi, olubsa, günahkar cəzasını almalıdı.

- Saytımızda yerləşdirilən kadrdan açıq-aşkar görünür ki, “Neftçi”nin idman direktoru Güloğlan Cabbarov rəqib futbolçuları vurur...
- Bütün videogörüntülər var və buna baxılacaq. Dünən evə gec getdik. AFFA-dan xahiş eləmişik ki, sabah İntizam Komitəsi iclas keçirəcək. Günahkarlar cəzasını almalıdı.

- Təbii, İntizam Komitəsi hansısa qərar çıxaracaq. Bəs PFL rəhbəri baş verənlərə necə qiymət verir?
- Çox pis. Çünki bayramın sonunda dava-dalaş heç kimə yaraşmaz.

- Meydana çıxıb “Xəzər Lənkəran”ın ehtiyat oyunçular skamyasına tərəf getdiniz. Orada sizə yaxşı tanış, “Neftçi”də futbolçunuz olmuş Elnur Allahverdiyevi sakitləşdirirdiniz...
- Onu sakitləşdirməyə çalışırdım. “Xəzər Lənkəran” tərəfinə izah edirdim ki, sakitləşin, gəlin medallarınızı alın, günahkarlar cəzasını alacaqlar. Özünüz də gördünüz ki, stadionda yetərincə azarkeş, gözəl əhval-ruhiyyə vardı. Gedib üzrxahlıq etməyi özümə borc bildim.

- Mühafizəçilərin əhatəsində olsanız də, həmin an “Xəzər Lənkəran”ın ehtiyat skamyası qarşısında ara qarışdı ki, siz də xəsarət ala bilərdiniz...
- Hər insanın bir xarakteri var. Mən vurulmaqdan qorxmuram. Vurmaq isə mənlik deyil. 50 yaşında kiməsə əl qaldırası deyiləm. Təşkilatçı bizik və borcumuz stadiona gələn azarkeşlərdə futbola bir məhəbbət yaratmaqdır. Elnur çılğındır, onu tanıyıram, futbolçumuz olub, yaxınlığımız var. Allahverdiyevi başa düşürəm.

- Mükafatlandırma mərasimində öncə uduzan komanda medallarını alır. Ancaq qabağa “Neftçi” düşdü. “Xəzər Lənkəran” mərasimə qatılmaq istəmirdi?
- Bəli, medalları istəmirdilər. Bu zaman məcbur olub öncə “Neftçi”ni mükafatlandırdıq. Sonradan məlum oldu ki, əsəbləri sakitləşib, gəldilər medallarını aldılar. Sözsüz ki, ardıcıllıq pozuldu. Sadəcə, ən vacibi odur ki, mükafatlarını aldılar. Mənə elə gəlir ki, klub rəhbəri öz alicənablığını nümayiş etdirdi, əməkdaşlarını, futbolçularını medallarını almağa göndərdi.

- Sizcə, İntizam Komitəsində ağır cəzalar olacaq?
- İnşallah, sabah qəti qərar verilməlidir. Mənə elə gəlir ki, çox ağır, çox sərt cəzalar olacaq.

- Hakimliyə necə qiymət verərdiniz? Ardıcıl 2-ci il ölkə kubokunun finalını idarə edən FİFA hakimi Əliyar Ağayev bu dəfə işinin öhdəsindən gəldimi?
- Mən PFL prezidenti kimi yox, futbolu sevən bir insan kimi fikrimi deyirəm ki, oyunun 90 yox, 120 dəqiqəsini dəqiqliklə izlədim. Mən orda hakimin hər hansı bir səhvini görmədim. Fikrimcə, Əliyar Ağayev çox gözəl oyun idarə etdi və hər 2 komanda hakimlikdən razı qaldı.

- “Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamnekoviçin penaltilər seriyasında hərəkətinə necə qiymət verərdiniz?
- Futbolçulardan söz düşəndə, onlardan başqa söhbət gedir, qapıçılardan başqa. Mən sakit qapıçı çox az tanıyıram. Əsasən onlar daha çox çılğın olurlar. Ancaq belə götürəndə, ilk zərbəni “Neftçi” vurdu və bu zaman “Xəzər Lənkəran”ın qapıçısı topu onun üstünə atdı. Ardından eyni olayı “Neftçi”nin qapıçısı elədi. Stamenkoviçin 2-ci hərəkəti təkrar eləməyinə Əliyar Ağayev imkan verməyərək, topu aldı.

- Bu olay hadisələrin sonrakı axarına təsir göstərdimi?
- Sözsüz ki, “Neftçi”nin qapıçısı zərbəni qaytarandan sonra sevinc anlarını yaşayaraq, bunu daha geniş formada bildirir. Mən onun hərəkətlərini izlədim. Həmin video indi də qarşımdadır. Saşa orda hər hansı qeyri-adi hərəkət göstərmir, sadəcə, sevincini nümayiş etdirir. Kənarda böyük bir top vardı ki, onu zədələyir. Mən bunun hamısının sevincdən olduğunu başa düşürəm, emosiyalarını yığa bilmir. Açıq deyirəm ki, mən “Neftçi”nin qapıçısının hərəkətində qeyri-adi bir şey görmürəm. Bəlkə yayınıb, sonradan nəsə edib, onu deyə bilmərəm. Ancaq 11 metrlik zərbələrdə belə şey izləmədim.

Mehman SÜLEYMANOV