Tale Heydərov: Ən böyük arzum odur ki...
29.05.2013 - 17:43
Tale Heydərov: Ən böyük arzum odur ki...
“Turnirdə iştirak edən gənc futbolçular, sizləri ürəkdən salamlayıram. Sevindirici haldır ki, Qəbələ kuboku artıq ənənəvi hal alıb və bu il 2-ci turniri keçiririk”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin prezidenti Tale Heydərov bu gün II Qəbələ kuboku beynəlxalq turnirinin açılış mərasimində deyib.

O, yarışın iştirakçısı olan əcnəbi komandaları salamlayaraq, uğurlar arzulayıb.

Heydərov bildirib ki, 15 yaşadək futbolçular yarışda öz güclərini sınayaraq, təcrübələrini bölüşəcəklər: “Bu gün aramızda 2 əfsanəvi futbolçu – Toni Adamsla Roy Makay yer alıb. Mən onları da salamlayıram. Onlar bir vaxtlar sizin bu gün keçdiyiniz yolu keçmişdilər və futbol aləmində böyük ad qazanmışdılar. Mənim ən böyük arzum odur ki, sizlər də nə vaxtsa belə böyük adlara sahib olasınız”.

“Qəbələ”nin prezidenti Azərbaycan dövlətinin idmana göstərdiyi yüksək qayğıdan danışıb: “Dövlətimizin idmana, o cümlədən futbola göstərdiyi diqqət göz qabağındadır. Bunun nəticəsidir ki, ilk Yay Avropa Oyunları 2015-ci ildə Bakıda keçiriləcək. Ölkəmiz 2020-ci il Avropa çempionatının keçirməyə namizədliyini irəli sürüb. Siz gənclər bəlkə də nə vaxtsa Avropa Liqası oyunlarında, çempionatlarında üzləşək və bəlkə də bu, Qəbələdə baş verəcək. Fürsətdən istifadə edib, sonda bütün qonaqlara dəvətimi qəbul edib, Qəbələyə gəldiklərinə görə minnətdaram və hər birimizə bol uğurlar arzulayıram. Qoy, ən güclü qalib gəlsin”.