“Qırmızı dubl”
29.05.2013 - 23:02
“Qırmızı dubl”
Rekordları qırmaq, ənənələrin təməlini qoyub sonun gətirmək, dəbi müəyyənləşdirmək vəzifəsini üzərinə götürən komanda "Neftçi"di. "Ağ-qaralar" hazırda həqiqətən hər mənada rəqiblərindən üstündü. Sanballı büdcə, əla heyət, klub rəhbərliyinin əlindəki geniş imkanlar... Uğur qazanmaq üçün daha nə lazımdı?

Əvvəllər tez-tez işlətdiyimiz bir ifadə vardı: "pərdərxası məqamlar". Artıq həmin "pərdə" cırılıb. "Neftçi" ictimaiyyətlə aradakı maneəni götürərək, Azərbaycan futboluna növbəti yenilik "bəxş edib" – qoçuluq!

Ölkə kubokunun finalında baş verənlər göstərdi ki, paytaxt klubunun tək dərdi yaşıl meydanlarda rəqiblərini üstələmək deyil. "Neftçi" hər mənada hökmranlıq etmək, at oynatmaq istəyir. Özü də, aşkaranə şəkildə. Bu istək əvvəldə vardı. Ancaq bakılılar qarşılarına çıxan sədləri "sivil yolla" aşırdılar. Kimisini pulla susdururdular, kimisini isə nüfuzları sayəsində əmrlərinə alırdılar. Amma indi iş o yerə çatıb ki, paytaxt təmsilçisinin nümayəndələri sözün əsl mənasında əzələ nümayiş etdirmək üçün milyonların gözü önündə qarşılarına çıxanları kötəkləməkdən də çəkinmirlər.

Hakimləri asanlıqla ələ almaq, Böyükağa Hacıyevin AFFA və PFL-i "bombalaması", Güloğlan Cabbarovun rinqlə futbol meydanını səhv salması "Neftçi"nin rəqibləri üçün qorxunc kabusa çevrilməyi hədəflədiyinin bariz sübutlarındandı.

"Ağ-qara" rənglərə xidmət edənlər qarşılarında duran hər kəsin gözüqıpıq, başıaşağı olmalarını istəyirlər. Məsələn, onlara Vüsal Əliyev kimi “texniki zona”nın qaydalarına riayət etməyən Con Toşakı qaş-qabaqla, Böyükağa Hacıyevi gülərüzlə yerinə oturmağa səsləyən hakim lazımdı. Hələ "Neftçi"ni finala daşıyan Anar Salmanovu, həlledici görüşü idarə edən Əliyar Ağayevi demirəm. Əgər bizim ən perspektivli referimiz budursa, AFFA Hakimlər Komitəsi adlı qurumu ləğv etsə yaxşıdı. Çünki açıq aydın görünür ki, ədalətin keşiyində duranların əksəriyyəti "Neftçi"nin qarşısında gözü kölgəlidi.

Ağayevə isə bircə kəlmə sözüm var: Allah sənə yar olsun, Əliyar! Mən bilirəm, yox-yox, əminəm, penaltilər seriyasından öncə kimsə onun kürəyinə qurd yağı sürtüb, cadu edib. Ona görə də, referi görmə və düşünmə qabiliyyətini itirib. Əks halda, sizcə, sağlamlığı yerində olan adam Saşa Stamenkoviçin hərəkətlərinə göz yumardı, bu iyrəncliyə dözərdimi?

Vallah, həmin vaxt hansısa çoban meydanda qoyunlarını otarsaydı, serbiyalıya yaxınlaşıb, ən azı "ay uşaq, bəsdir artistilik etdin" deyərdi. Ancaq Ağayev... Əliyarı qınamayın. Bizə düşən Allahdan ona şəfa diləməkdi.

Stamenkoviçə gəlincə, bu qapıçı nəinki "Neftçi"yə, ümumiyyətlə, Azərbaycan futboluna ləkədi. Və əgər paytaxt klubu srağagünkü hoqqadan sonra ona qovmasa, bu ləkəni özünə, imici elə də təmiz olmayan futbolumuza yaraşdırmış olacaq. Bizə insanların əsəbi ilə oynayan beləsi lazım deyil. Rəşad Sadiqov demişkən, Stamenkoviç artistlik həddini də aşdı. Bunun adı...

Nə etmək olar, "Neftçi" hər necə də olsa, arzusuna çatdı. Amma bunun adı qızıl yox, "Qırmızı dubl"du. Söhbət təkcə tökülən qandan getmir. Saşa Stamenkoviçin hərəkətini ritual adlandırmaq, Güloğlan Cabbarovun kimsəni vurmadığını iddia etmək üçün "qırmızı" olmaq lazımdı. Ancaq "qırmızılıq" etmək sizə asan gəlməsin. Hər yerindən duran bunu bacarmır. "Neftçi" özü gücü hesabına əldə edə biləcəyi şeyi, "qırmızılıq"la qazanmağı bir qırağa, final matçında "Xəzər Lənkəran"ın əks-hücumları zamanı top yan xətdən çıxdığında, topdaşıyan uşaqların topu bilərəkdən cənublu futbolçulara gec vermələrini və ya hücum anında meydana ikinci topun atılmasını görmək çox üzücü idi.

Lütfən, uşaqları bu işə qatmayın...

ŞAMO