5-i getdi, 1-i gəldi
30.05.2013 - 15:59
5-i getdi, 1-i gəldi
“Rəvan” növbəti mövsümdə daha güclü komanda formalaşdırmaq məqsədi ilə əsas komandanın heyətinə əl gəzdirməkdə davam edir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2 legioner futbolçunun - moldovalı müdafiəçi Nikolay Orlovski və syerra leoneli yarımmüdafiəçi Samuel Barlayın ardından daha 5 futbolçu ilə yollar rəsmən ayrılıb. Onların hamısı yerli futbolçudur.

Əslində, Nuran Qurbanovun “Rəvan”dan ayrılmasında qeyri-adi heç nə yoxdur. Çünki müqavilə ilə “Qəbələ”yə məxsus olan “27” nömrə komandada icarədə çıxış edirdi və bu icarə müddəti məhz mövsümün sonunda qüvvədən düşmüşdü. Vüsal Qarayev və Tural Cəlilovun isə müqavilə müddəti bitib və rəhbərlik onlarla əməkdaşlığın davam etməsində maraqlı olmayıb. Ramil Həşimzadə və Emin Mustafayevə gəlincə, onların hələ klubla müqaviləsi olsa da, qarşılıqlı razılıq əsasında yolların ayrılması məqsədəuyğun hesab edilib.

Onlardan fərqli, müqavilə müddəti başa çatmış Şəhriyar Rəhimovla yeni anlaşma imzalanıb.

7 oyunçu ilə yolları ayırdıqdan sonra Bakı təmsilçisi ilk transferini də gerçəkləşdirib. Bu, Elvin Həsənəliyevdir. Avqustun 7-də 20 yaşı tamam olacaq yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanılıb. Son mövsümdə “Kəpəz”in formasını geyən Elvin 21 matçda toplam 1245 dəqiqə oynayıb və 1 qol vurub.
0