“Biz həmin futbolçuların komandadan gedişini sükutla qarşıladıq”
31.05.2013 - 10:56
“Biz həmin futbolçuların komandadan gedişini sükutla qarşıladıq”
“Mətbuatda AZAL haqda müxtəlif fikirlər səsləndirilir. Bunları bəzi futbolçuların komandadan gedişi ilə əlaqələndirərək, deyirlər ki, guya klubumuz dağılır, çıxış etsə, iddiasız olacaq. Ancaq bunlar həqiqətəuyğun, heç bir əsası olmayan fikirlərdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov deyib. Ötən çempionatda 7-ci yeri tutaraq ikinci “altılığ”ın çempionu olan Bakı klubu növbəti mövsüm öncəsi bir sıra futbolçularla yollarını ayırdı.

Yusifovun sözlərinə görə, komandadan gedənlərin sayının çox olmağı onun çıxışını dayandıracağı demək deyil: “AZAL normal fəaliyyətini davam etdirir. Hər gün futbolçu transferi, hazırlıq planları ilə bağlı işlərlə məşğuluq. Təlim-məşq toplanışımı harada keçirmək üzərində çalışırıq. Məlumdur ki, komandamız iyunun 24-də Bakıda bir araya gələrək, iyulun 8-dək orada hazırlaşacaq. Bundan sonra toplanışın harada olmağı üzərində işləyirik. Ola bilsin ki, bu, xaricdə hansısa bir ölkədə olsun. Yəni komandamızın növbəti mövsümə heyətinin formalaşdırılmağı, yaxşı hazırlaşmağına diqqət yetirilir”.

AZAL rəsmisi bildirib ki, dəyişən klubun strategiyasıdır: “Biz strategiyamızı, hədəflərimizi dəyişmişik. Deyirlər ki, bəzi əcnəbi futbolçular komandada qalmaq istəmədi. Ancaq əslində, biz yerli futbolçulara üstünlük verəcəyimizdən, həmin legionerlərin gedişini sükutla qarşıladıq. Bəzi futbolçular mövsümdə nəticə əldə edə bilmədiklərinin məsuliyyətini başa düşmək əvəzinə yeni müqavilə məbləğləri ilə razılaşmayaraq, əvvəlkindən çox pul istədilər. Biz də belə oyunçuların komandada saxlamağı lazım bilmədik”.

Mehman SÜLEYMANOV