“Bizə bir az dəqiqlik çatmırdı”
31.05.2013 - 17:29
“Bizə bir az dəqiqlik çatmırdı”
“Feyenoord”la oyuna pis başlamadıq. Bir neçə təhlükəli epizod da yaratdıq. Onların birində qapıçı ilə üz-üzə qalan futbolçumuzun zərbəsi tirin də üstündən keçdi” Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Şaxtyor” klubunun 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Mixaylo Starostyak deyib.

Azərbaycanda “Simurq”dakı çıxışları ilə tanınan gənc çalışdırıcı Donetsk təmsilçisinin “sükanı arxasında” II Qəbələ kubokunun qonağıdır. Starostyak turnirin Hollandiya “Feyenoord”u ilə yarımfinal oyunu haqda fikirlərini açıqlayıb: “Bir neçə dəqiqə keçməmiş rəqib hesabı açdı. Burada mərkəz müdafiəçilərimizin anlaşılmazlığı özünü göstərdi. İkinci hissədə üstünlük bizim tərəfimizdə idi. Təhlükəli epizodlar yaradırdıq. Standart vəziyyətlərdən zərbələr yaxşı alınırdı. Hər dəfə bizə bir az dəqiqlik çatmırdı. Nəhayət ki, son dəqiqədə bərabərlik qolunu vura bildik. Penaltilərdə isə hollandiyalıların bəxti gətirdi”.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında hollandiyalılar qalib gəlib - 6:5.