Vladimir Miçoviç: Onlar mənə yalvarırdılar
01.06.2013 - 16:33
Vladimir Miçoviç: Onlar mənə yalvarırdılar
“Neftçi”nin serbiyalı sabiq qapıçısı Vladimir Miçoviçin apasport.az saytına müsahibəsi

- Bir müddətlik fasilədən sonra yenidən Azərbaycandasınız. İşləriniz, təəssüratlarınız necədir?
- Yaxşı. “Neftçi”nin futbol məktəbində qapıçılarla işləyirəm. Əlbəttə, bura, Bakı üçün darıxmışdım. Paytaxtınızda 8 il yaşadım və artıq özümü yerli sakin kimi hiss edirəm. Buna görə sözün əsl mənasında yenidən Bakı olmağın intizarında idim.

- Vətəniniz olan Serbiyada, Belqradda özünüzü narahat edirdiniz?
- Sözsüz ki, ora mənim vətənimdir. Serbiyanı, Belqradı sevirəm. Sadəcə, son illərdə Bakıda yaşadığımdan, bura daha çox öyrəşmişdim. Məndə belə təəssürat yaranıb ki, Azərbaycan mənim ikinci vətənimdir. Yəni mənə burada olmaq çox xoşdur.

- Serbiyada heç bir variantınız yox idi ki, bura qayıtmalı oldunuz?
- Vətənimdə müxtəlif klublardan təkliflərim vardı. Hətta Serbiyada mənə yalvarardılar ki, qalıb işləyim. Ancaq mən istəmədim.

- Niyə? Maddi vəziyyət qeyri-sabit olduğuna görə?
- Bəli. Azərbaycan futboluna belə səviyyə, maddi vəziyyət olandan sonra Serbiyada qalmaq istəmədim. Bir də doğma komandam “Srvena Zvezda”da işləmək variantım vardı. Ancaq orda da maddi baxımdan çətin vəziyyətdir. Yəni vətənimdə futbolda maddi vəziyyət çox ağırdır.

- “Neftçi”nin Avroliqanın qrup mərhələsində “Partizan”la oyunlarından sonra onun, futbolumuz haqda Serbiyada nə danışırlar?
- Əlbəttə, həmyerlilərim “Neftçi”nin qrupa düşəcəyini, hər 2 oyunda uduzmayacağını gözləmirdi. Mən hətta Belqraddakı oyuna kimi demişdim ki, “Partizan” qalib gəlməyəcək. Çünki “Neftçi”nin gücündən xəbərdar idim və onlar fikirlərimi doğrultdular. Təəssüf ki, Bakıda qələbə qazanılmadı.

- Sizin menecer kimi işləmək variantınız vardı. Niyə daha qazanclı olan bu sahədə yox, məşqçi işləmək istəyirsiniz?
- Bu gün menecerliklə hamı məşğul olur. Əlbəttə, mənim də bu sahədə çalışmağım ola bilərdi. Ancaq mən “Neftçi”ni çox sevirəm. Menecer kimi işləməkdənsə, məşqçi kimi çalışmağım daha yaxşıdır.

- Çempionatımıza necə qiymət verərdiniz? Sizin oynadığınız vaxtla müqayisədə nə dəyişib?
- Səviyyə bir qədər fərqlənir. Sözsüz ki, artım var. Ancaq bizim vaxtımızda kimi böyük deyil. Məni bir şey təəssüfləndirir ki, stadionlarda azarkeşlər elə də çox deyil. Mənə elə gəlir ki, ildən-ilə arenalara daha az azarkeş gəlir. Bunun səbəbini bilmirəm. Əvvəllər azarkeş bundan çox idi. Yəqin ki, bu da dəyişəcək. “Neftçi” qrupa düşəndən sonra azarkeşlər yenidən stadiona gələrək, həm onu, digər Azərbaycan klublarını dəstəkləyəcək.

- “Neftçi”nin heyətində “Birlik kuboku”nu nəzərə alsaq, titul qazana bilmədiniz. Nə çempionluq, nə də kubokun sahibi oldunuz. Buna görə üzülmürsünüz?
- Əlbəttə, buna görə çox üzgünəm. “Neftçi”də bu qədər oynadığım müddətdə yalnız “Birlik kuboku”nu qazandım. Düzdür, çempionatın gümüş, bürünc medallarım oldu. Ancaq çempionluq, kuboku qazanmamağımız mənim üçün məyusedici idi. Mən karyeramda çempion olmuşam – “Srvena Zvezda” ilə. Ancaq vətəndən kənarda ola bilmədim. Görünür, qismət belə imiş, belə alındı.

- Siz Azərbaycanda ən güclü əcnəbi qapıçılardan idiniz. Maraqlıdır, Vladimir Miçoviç hansı həmkarlarını bəyənirsiniz?
- Əlbəttə, yerlilər arasında ən yaxşı qapıçı Kamran Ağayevdir. Sözsüz ki, əcnəbilərdən “Neftçi”dəki həmyerlilərim Saşa Stamenkoviçi fərqləndirə bilərəm. Çünki onun səviyyəsi yüksəkdir, yaxşı məktəb keçib. Hər halda, “Neftçi”nin son 2 çempionluğunda böyük payı var. “İnter” gürcü qapıçısı Georgi Lomaya sabitliyi ilə seçilir.

- Gələcəkdə azərbaycanlı qapıçılardan yüksək səviyyəli olmaları üçün nə tövsiyə edərdiniz?
- Sözsüz ki, Azərbaycandakı gənc qapıçılardan güclü qapıçılar olacaq. Ancaq bunun 1-2 ilə olacağını gözləməyin. Çünki gənc qapıçılarla yaxşı, ciddi işləmək lazımdır. Bu isə uzun prosesdir. Dəqiq güclü qapıçılar olacaq, ancaq minimum 3-4 il gözləmək lazımdır.

- “Neftçi”də bir yerdə oynadığınız dostunuz Branimir Subaşiçin karyerasında sanki “qara zolaq” yaranıb. Onunla bu haqda söhbətləşirdiniz? Səbəb nə görürsünüz?
- O, “Neftçi”dəki kimi oynamır. Yəqin ki, gedəndən sonra özünə uyğun gələn komanda tapmayıb. Subaşiçin yaxşı keyfiyyətlərini bilirik. Ancaq ümid edirəm ki, o, Azərbaycan futboluna hələ bundan sonra da fayda verəcək.

- Onunla birgə açdığınız “Balkan” restoranınızı bağlanandan sonra biznes açmaq fikriniz var?
- Yox, biznes haqda düşünmürəm. O vaxt belə imkan oldu, belə ideya vardı. Biznes məsələsini tam bağlamışıq və indi yalnız futbol, “Neftçi” haqda düşünürəm.

Mehman SÜLEYMANOV