“Azərbaycan yığmasında inkişaf var” - MÜSAHİBƏ
01.06.2013 - 23:31
“Azərbaycan yığmasında inkişaf var” - MÜSAHİBƏ
17 yaşadək futbolçular arasında Türkiyə yığması III Caspian Cup turnirinin qrup mərhələsini lider kimi başa vurdu. İordaniyanı 4:0, Özbəkistanı isə 3:0 hesabı ilə məğlub edən "ay-ulduzlar" yarımfinalda Yaponiya ilə gücünü sınayacaq. Qrup mərhələsi başa çatdıqdan sonra qardaş ölkənin çalışdırıcısı Hakan Tecimer apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Özbəkistanla oyunda futbolçularınızın əsəbi görünməsi nə ilə bağlı idi?
- Maraqlı qarşılaşma izlədiyimizi deyə bilərəm. Futbolçulara gəldikdə, onlar ikinci qolu gec vurdular. Bu da uşaqlarda stress yaratmışdı. İkinci qolu vurduqdan sonra rahatlaşdıq, nəticədə üçüncü qolu rəqib qapısından keçirdik. Komandam pis oynamadı.

- Qrup mərhələsini lider kimi başa vurdunuz. Turnirə qatılan zaman qarşıya hansı məqsəd qoyulub?
- Vacib olan uşaqları yoxlamaqdır. Adətən bu cür turnirlərə buna görə qatılırıq. İstəyirik ki, gənc futbolçular beynəlxalq təcrübəyə malik olsunlar. Turnirə gəlməkdə də məqsədimiz bu idi. Təbii ki, oynayırsansa, qələbə qazanmaq haqda da düşünməlisən. Çünki qalib gəldikcə, futbolçularda özünə inam yaranır.

- Növbəti rəqibiniz Yaponiya olacaq. Onlarla yolunuz kəsişibmi?
- Yaponiya haqda məlumatımız var. Fransada təşkil edilən turnirdə qarşılaşmışdıq. Güclü rəqibdir. Futbolçuları topla yaxşı oynayırlar, sürətlidirlər. Bizi maraqlı oyun gözləyir.

- Turnirlə bağlı düşüncələrinin necədir?
- Təşkilatçılıq yüksək səviyyədədir. İstər komandaların qalması, istərsə də məşq və oyunların təşkili bizi qane edir. Çox razıyam. Ancaq rəqiblər arasında müəyyən güc fərqi var. Qrup oyunlarında aydın görünürdü. Yarımfinal və finalda isə ən güclülər qarşılaşacaq. Artıq bu oyunlarda böyük hesablı nəticələr çətin qeydə alınsın.

- Komandalar arasında gücünə görə hansıları fərqləndirərdiniz?
- Qeyd etdiyim kimi, Yaponiya ilə qarşılaşmışıq. Güclü komandadır. ABŞ-la da yolumuz kəsişib. Onların da yaxşı komandası var. Azərbaycan yığmasında da inkişaf var. Komandanızın nəyə qadir olduğunu bilirik.

- Ümumiyyətlə Azərbaycan futbolunu izləyirsinizmi?
- Əlbəttə, izləyirəm. Daha çox mətbuat vasitəsilə məlumat əldə edirəm. İstər aşağıyaşlı yığmalarınızda, istərsə də əsas millinizdə artım hiss olunur. Görülən işlərin bəhrəsini verəcəyinə inanıram.