Antoniu Folya: Doğrudan da sizə Bakıdakı oyundakı kimi çətinliklə qol vurduq
02.06.2013 - 00:59
Antoniu Folya: Doğrudan da sizə Bakıdakı oyundakı kimi çətinliklə qol vurduq
“Fantastik turnir idi. Biz burda oynamaqdan zövq aldıq. Xüsisələ də bu turnirin qalibi olmağımız bizi sevindirdi”. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu “Portu”nun U-15 komandasının baş məşqçisi Antoniu Folya deyib.

“Portu” II Qəbələ Kubokunun final görüşündə “Feyenoord” üzərində əzmkar qələbə qazanıb. Hesabda 2 top fərqi ilə geri düşməsinə baxmayaraq, hesabı bərabərləşdirən və penaltilər seriyasında qalib gələn Portuqaliya təmsilçisi qızıl medallara layiq görülüb.

Folyanın sözlərinə görə, o, hesabda geri düşmələrinə baxmayaraq, qələbəyə inanırmış: “Hesab 0:2 olanda inanırdım ki, uşaqlar xarakter nümayiş etdirəcək. Biz turnirə çox ciddi hazırlaşmışdıq. Özümü turnirin qəhrəmanı hesab etmirəm. Qəhrəman mənim komandamdır. Kimi məğlub etməyimizi onlar həll edir. Bizim güclü mentalitetimiz var. Bunun sayəsində ruhdan düşməyərək qalib gəldik”.

42 yaşlı çalışdırıcı turnir haqda isə bunları deyib: “Turnir çox mükəmməl idi. Biz burda olduğumuz müddətdə çox yaxşı qarşılandıq. Buna görə təşkilatçılara və idman mətbuatına təşəkkürümü bildirirəm. Ancaq turnirdə yalnız hakimliyin səviyyəsi aşağı idi. Məhz bu üzdən qapımıza penalti verilərkən emosiyalarımı saxlaya bilmədim”.

Ölkəsində “Portu”dakı çıxışları ilə tanınan Folya 1993-1996-cı illərdə Portuqaliya yığmasının da üzvü olub. Burda 26 oyuna 5 qol vuran Antoniu 1992/93 mövsümündə “Braqa”da icarə əsasında çıxış edib. Millimiz də məhz Portuqaliya yığması ilə ötən il “Braqa”nın stadionunda qarşılaşıb.

Bu oyunla da bağlı apasport.az məşqçinin fikirlərini öyrənib: “Braqadakı oyuna televizor vasitəsilə baxmışdım. Doğrudan da sizə Bakıdakı oyundakı kimi çətinliklə qol vurduq. Bu onu göstərir ki, artıq komandanızda inkişaf var və Portuqaliya yığması kimi güclü kollektivə qarşı mübarizə aparmağın yollarını tapmısınız”.

Səbuhi TOFİQOĞLU