Adrian Skarlatake: Oyunumuz klub prezidentinin xoşuna gəlmişdi
03.06.2013 - 17:45
Adrian Skarlatake: Oyunumuz klub prezidentinin xoşuna gəlmişdi
“Liqa 1-in səviyyəsi Azərbaycan çempionatından yüksəkdir. Ancaq bu fərq çox da böyük deyil”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın rumıniyalı mərkəz müdafiəçisi Adrian Skarlatake deyib.

26 yaşlı müdafiəçi vətənində verdiyi müsahibədə Azərbaycan futbolundan danışıb: “Əminəm ki, 2-3 ilə Azərbaycan futbolu daha yüksək səviyyəyə qədəm qoyacaq. Çünki bunun üçün çoxlu pul yatırılır, çoxlu oyunçular alınır və əcnəbilərə çox yaxşı pullar ödənilir. Əminəm ki, maliyyə gücü olan 2 Azərbaycan komandası Avroliqanın qrupunda çıxış edə bilər”.

Skarlatake ötən mövsüm Rumıniya kubokunun finalında “Dinamo” ilə qalib olub. Məhz onun “Rapid”ə vurduğu qol Adriana ilk kubok titulunu qazandırıb. Müdafiəçi bu dəfə də “Xəzər Lənkəran”la titul qazanmağa yaxın olsa da, finalda “Neftçi”yə uduzmaqları onun ardıcıl kuboku başı üzərinə qaldırmasına mane olub.

“İlk yarıda bizim meydanda üstünlüyümüz vardı. Ancaq penaltilərlə uduzduq. Sonra isə heç vaxt qarşılaşmadığımız mənzərə ilə üzləşdik. Şokda idim. Klubun prezidenti paltardəyişmə otağına gəldi və bizə dedi: Mən fəxr edirəm ki, siz özünüzü alicənab apardınız. Finalda məğlub olmağımıza baxmayaraq, biz yaxşı oynamışdıq, sadəcə lotereyada uduzduq” – deyə, futbolçu bildirib.

Daha sonra Skarlatake uduzmaqlarına baxmayaraq, aldıqları pul mükafatından danışıb: “Oyunumuz klub prezidentinin xoşuna gəlmişdi. Ona görə də o, pul mükafatını artırmışdı. Məğlubiyyətə baxmayaraq, qalib gələcəyimiz halda alacağımız puldan daha çoxu bizə verildi. Pullar bizə oyundan sonra, paltardəyişmə otağında təqdim olundu”.