Cavid Hüseynov: Bölgü aparmaq düzgün deyil - MÜSAHİBƏ
03.06.2013 - 23:01
Cavid Hüseynov: Bölgü aparmaq düzgün deyil - MÜSAHİBƏ
Azərbaycan yığmasının və “Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

- Milli komanda iyunun 7-də Lüksemburqla qarşılaşacaq. Bu görüşə hazırlıq necə gedir?
- Ciddi hazırlaşırıq. Hamı oyunun məsuliyyətini anlayır. Qələbə qazanmaqdan başqa çarəmiz yoxdur. Məşqdə hazırlığı yüksəltmək üçün əlimizdən gələni edirik. İnşallah, meydanı qalib tərk edərik.

- Əvvəlcə gün ərzində 2 məşq nəzərdə tutulsa da, sonradan planda dəyişiklik edildi...
- Biz də 2 məşq edəcəyimizi gözləyirdik. Sonradan planda dəyişiklik oldu ki, bu da baş məşqçinin qərarıdır.

- Futbolçuların əhval-ruhiyyəsi necədir: Mövsümün yorğunluğu hiss olunurmu?
- Hamı özünü yaxşı tərəfdən göstərməyə çalışır. Bu da hansısa problemin olmadığını göstərir. Özümüzü qələbəyə kökləmişik.

- Lüksemburq yığması haqda nə deyə bilərsiniz?
- Heç bir məlumata sahib deyilik. Məşqçilər korpusu yəqin ki, oyunöncəsi lazımi məlumatı verəcəklər.

- Rəqibi hansı komponentlərdə üstələməliyik?
- Bölgü aparmaq düzgün olmazdı. Qələbə qazanmaq istəyiriksə, bütün komponentlərdə onlardan üstün olmalıyıq. Meydana mütləq istəkli çıxmalıyıq. Əks halda, bu bizə baha başa gələ bilər.

- Hamı qələbə haqda danışır. Bu amil müəyyən mənada arxayınçılıq yarada bilərmi?
- Niyə arxayınlaşmalıyıq? Nə etmişik ki, meydana arxayın çıxaq? Bizi gərgin oyun gözləyir.

- Rauf Əliyevlə Vüqar Nadirovun cəzalı olması hücum xəttində boşluq yarada bilərmi?
- Raufla Vüqar klublarında aparıcı oyunçulardır, amma yığmada vəziyyət bir qədər fərqlidir. Yəni, millidə bütün futbolçuların əvəzləyicisi var. Çalışacağıq ki, onların yoxluğunu hiss etdirməyək.

- Qətərlə oyundan sonra baş məşqçi Berti Foqts bəzi futbolçulardan narazı qaldığını, onların məşq etmədiyini bildirmişdi...
- 5 gün məşq etməmişdik. Çünki Premyer Liqaya mayın 19-da yekun vuruldu. Biz də ayın 25-də bir araya gəldik. Kimisi yüngül məşqlər edib, bir qisim isə dincəlib. Mən fasilə zamanı cəmi bir dəfə yüngül qaçışla kifayətlənmişdim.

- Oyunun keçiriləcəyi “Bakcell Arena”da tribunaların meydana yaxın olmasını azarkeş dəstəyi baxımından yığmamız üçün üstünlük saymaq olarmı?
- Ümumiyyətlə, “Bakcell Arena”nın həm ot örtüyü, həm də dizaynı çox yaxşıdır. Tribunaların meydana yaxın olması bizim üçün üstünlük olacaq. Ümid edirəm ki, azarkeşlər də stadionu dolduracaqlar.

- “Bakı”da baş verən dəyişikliklərlə bağlı nə deyə bilərsiniz?
- Hələ klubla əlaqəmiz yoxdur. Yəqin ki, millinin oyunundan sonra əlaqə saxlayacağıq. Hazırda isə bütün diqqətimizi yığmanın qarşıdakı oyununa yönəltmişik.

- Baş məşqçi postuna ispaniyalı mütəxəssis gətiriləcək. Bu dəyişiklik nə dərəcədə faydalı olacaq?
- Klub rəhbərliyinin qərarıdır. Kimi istəyirlərsə, gətirəcəklər. Buna görə, futbolçulardan icazə alası deyillər. Futbolçunun işi oynamaqdır. Bəlkə bu daha faydalı olacaq.

- Bəs son mövsümü uğursuz başa vurmağınız nə ilə bağlı idi?
- Komandaya qış fasiləsində qoşulduğumdan, əvvəllər nə baş verdiyini dəqiq bilmirəm. Onu deyə bilərəm ki, I dövrədə çox xal itirdik. Buna görə də avrokuboklardan kənarda qaldıq.