Elnur Cəfərov: Biz sübut etdik ki...
04.06.2013 - 14:00
Elnur Cəfərov: Biz sübut etdik ki...
“Xəzər Lənkəran”ın və Azərbaycan 17 yaşadək futbolçulardan ibarət yığmasının yarımmüdafiəçisi Elnur Cəfərovun apasport.az saytına müsahibəsi

- “Caspian Cup”da Gürcüstan yığması ilə yarımfinalda oyun sonrası penaltilərdə vurduğunuz zərbə ilə yığmamızı finala çıxardınız. Qələbədə əsas nə rol oynadı?
- Ola bilər ki, rəqib bizdən güclü olsun. Ancaq biz hələ ABŞ-la oyunda sübut etdik ki, istək deyilən bir şey var. Qələbəni çox istədiyimizi oyuna həm televiziya qarşısında oturub baxanlara, həm də stadiona gələnlərə nümayiş etdirdik. Bizdə güc var və qalib gəlməyi bacarırıq. Meydanda qalib biz olmalı idi. Allaha şükür ki, hər şey istədiyimiz kimi alındı. Artıq 1 oyunumuz qalıb ki, bunu da qazanıb, turnirin qalibi olmaq fikrindəyik.

- 16 yaşınız olsa da, artıq “Xəzər Lənkəran”ın əsas komandasına cəlb olunursunuz. Orada nə vaxt möhkəmlənəcəyinizi düşünürsünüz, yoxsa bunu hələ tez sayırsınız?
- Mənim hələ vaxtım var. İnşallah, öz üzərimdə işləyib, əsas komandada oynamağa çalışacağam.

- Sizə dünyada çox tanınmış məşqçilərdən olan Con Toşakın rəhbərliyi altında olmaq nəsib olub. Təəssüratlarınız necədir?
- Əla. O, peşəkar məşqçidir. Əlbəttə, Toşak mənə gələcəkdə yaxşı futbolçu olmağım üçün çox işləməyi tövsiyə edir.

- “Xəzər Lənkəran”da yaxın gələcək üçün məqsədiniz nədir?
- Məqsədim “Xəzər Lənkəran”ı, Azərbaycan futbolunu yüksəklərə qaldırmaqdır.

- Gürcüstan yığmasının baş məşqçisi Nodar Akobiya oyununuzu çox bəyəndiyini bildirib. Artıq bu yaşında tanınmaq, əsas komandanın futbolçusu olmaq sizdə arxayınçılıq yaratmayacaq ki?
- Yox. İnşallah, belə şeylər olmaz. Məni daha çox çalışmaq maraqlandırır.

- Azərbaycan kuboku uğrunda “Neftçi” ilə final oyunundakı insidentdə xəsarət alan komanda yoldaşınız Kamran Abdullazadənin yanında siz də vardınız. Həmin xoşagəlməz olaydan özünüzə gəlmisiniz?
- Həmin oyunu unutmuşam. Mən irəli baxıram. Hər şey arxada qaldı. Hazırda yığmanın düşərgəsindəyəm. İnanıram ki, final da bizim uğurlu olacaq və qələbə qazanacağıq.

- Millimizin baş məşqçisi Berti Foqts da aşağı yaş qruplarımızın oyununu izləyərək, bəyəndiyi futbolçuları gözaltı edir. Əsas yığmamıza düşmək perspektivinizi necə görürsünüz?
- Əsas yığmada nə vaxt oynayacağımı Allah bilir. Təbii ki, gələcəkdə məqsədim əsas yığmada forma geyməkdir. Mən də buna nail olmağa çalışacağam.

- Xarici klublardan sizə maraq olarsa, ölkədən kənarda oynamaq istərdiniz?
- Əlbəttə, belə imkan olarsa, bunu dəyərləndirmək istərdim. İlk növbədə klubla danışıb, razılıq almaq lazımdır. İnanıram ki, məni istəsələr, razılıq verərlər. Ancaq təkliflərdən, ümumiyyətlə, belə şeylərdən xəbərim yoxdur.

Mehman SÜLEYMANOV