Bakıya gələn oyunçu ilin futbolçusu seçildi – FOTO
04.06.2013 - 14:17
Bakıya gələn oyunçu ilin futbolçusu seçildi – FOTO
Bu gün Bakıya gələcək Lüksemburq yığmasının hücumçusu Stefano Bensi ölkəsində mükafata layiq görülüb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu “Luxemburger Wort” qəzetinin hər mövsümün sonunda keçirdiyi sorğunun nəticəsində ilin futbolçusu nominasiyasında qalib olub.

Həmin qəzetin sabiq baş redaktorunun şərəfinə "Challenge Guy Greffrath” adlandırılan mükafat 39 nominant arasından məhz Bensiyə verilib. Cari mövsümün qış fasiləsində “Fola”ya keçməsinə baxmayaraq, komandanın çempionluğuna vurduğu 20 qolla yardımçı olan italyan mənşəli futbolçu bombardirlər yarışında 2-ci olsa da, burda 1-ci olub. Bensi səsvermə nəticəsində aşkar şəkildə hamıdan çox - 159 xal toplayıb.

Bakıya gələcək futbolçular arasında “Jeness”in qapıçısı Mark Obervays 2-ci, müdafiəçisi Erik Hoffmann isə 6-cı olub. Lüksemburq çempionatının 21 qolla bombardiri olan bosniyalı Edis Osmanoviç isə yalnız 4-cü olmağı bacarıb.

Qeyd edək ki, Stefano Bensi klub karyerasında uğurlu olsa da, millisində hələ də qol hesabını aça bilməyib.