Fariz Nəcəfov: Yuri Syomin istəsə, niyə də yox?
04.06.2013 - 15:38
Fariz Nəcəfov: Yuri Syomin istəsə, niyə də yox?
“Yuri Syomin bizə “Lokomotiv”in keçmiş, yaxud indiki futbolçularından kimisə almağı təklif etməyib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Rusiya mətbuatına açıqlamasında deyib.

O bildirib ki, rusiyalı həmkarlarımızın Yuri Syominin “Lokomotiv”də rəhbərliyi altında oynamış futbolçuların transferi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir.

Belə ki, “Qəbələ”nin “dəmiryolçular”ın uzun illər kapitanı olan 39 yaşlı yarımmüdafiəçi Yuri Loskovu icarəyə götürmək istədiyi bildirilir: “Biz Loskovun keçidi ilə bağlı heç bir danışıq aparmamışıq. Syomin “Lokomotiv”də oynamış futbolçulardan kiminləsə müqavilə imzalamaqla bağlı bizə müraciət etməyib. Ancaq əgər istəsə, niyə də yox? Syominə transferlərlə bağlı tam səlahiyyət vermişik. Təbii ki, biz transferləri razılaşdıracağıq. Onu deyə bilərəm ki, heyəti istədiyi kimi komplektləşdirməyinə imkan vermişik. Ancaq Syomin rəhbərliyə öz şərtlərini diktə etməyəcək. Bu, 100 faizdir”.