“Kayzerslautern”in futbolçusu: Azərbaycan dilini öyrənməyə çalışacam - MÜSAHİBƏ
04.06.2013 - 18:12
“Kayzerslautern”in futbolçusu: Azərbaycan dilini öyrənməyə çalışacam - MÜSAHİBƏ
Azərbaycan millisinin və “Kayzerslautern”in U-23 komandasının hücumçusu Rüfət Dadaşov yığmanın bu gün keçirilən açıq məşqindən öncə jurnalistlər önünə çıxıb. 21 yaşlı futbolçu apasport.az saytının da suallarını cavablandırıb.

- Klubundan fərqli, Qətərlə yoldaşlıq görüşündə yığmada ilk qolunuzu vurduğunuza görə təbrik edirik. Lüksemburqla qarşıdakı rəsmi oyunla bağlı fikirlərinizi bilmək istərdik...
- Məni təbrik etdiyinizə görə sizə təşəkkürümü bildirirəm. Doğrudan da bu il klubumda fərqlənə bilməsəm də, şükürlər olsun ki, millidə ilk qolumu vura bildim. Lüksemburqla oyunla bağlı isə onu deyə bilərəm ki, biz görüşə aqressiv başlayacağıq. Çalışacağıq ki, öz oyunumuzu nümayiş etdirək və sonda qələbə qazanaq.

- Bildiyimizə görə, yalnız alman və rus dillərində bilirsiniz. Azərbaycan dilini öyrənməyə cəhd edirsinizmi? Məsələn, Əli Gökdəmir də sizin kimi Almaniyada yaşasa da, himnimizi əzbər bilir...
- Sözsüz ki, azərbaycan dilini öyrənməyə çalışacam. Çünki bura mənim vətənimdir, burda doğulmuşam. Məqsədim də elə budur ki, azərbaycan dilini öyrənib sizin suallarınıza ana dilimdə cavab verim.

- Komandada 3-cü oyununuzu keçirdiniz. Uyğunlaşa bilmisiniz?
- Mən milliyə ilk dəfə çağırılmıram. Bir neçə dəfə yığmanın düşərgəsində olmuşam. Millidə qazandığım təcrübəni klubuma apara bildim. Komanda yoldaşlarıma Qətərlə oyunda vurulan qolda köməyə görə təşəkkürümü bildirirəm. Lüksemburqla oyun Qətərlə matç kimi asan oyun olmayacaq. Çünki bu matç artıq yoldaşlıq oyunu yox, seçmə mərhələ görüşüdür. Hər bir oyunçumuzun meydana çıxıb əlindən gələni etməsini istəyirəm.

- Bu dəfə də qol vurmağı düşünürsünüz?
- Mən bilmirəm ki, oynayacağam, ya yox. Bu haqda baş məşqçimiz mənə bir söz deməyib. Əgər mən meydana buraxılsam, əlimdən gələni edəcəyəm ki, qol vurum.

- Klubdakı karyeranıza da aydınlıq gətirərdiniz. “Kayzerslautern”lə müqavilənizin müddəti başa çatıbmı və ya komandada qalırsınızmı?
- Bunu mən deyə bilmərəm. Hazırda millinin düşərgəsindəyəm. Bu dəqiqə fikrimi ancaq Lüksemburqla oyuna yönəltmişəm.

- Heç olmasa müqavilənizin müddətinin başa çatıb-çatmadığını deyin...
- Bu haqda heç bir şey demək istəmirəm.

Səbuhi TOFİQOĞLU