“Qarabağ” “Neftçi”ni biabır edən klubla oynayacaq
05.06.2013 - 08:28
“Qarabağ” “Neftçi”ni biabır edən klubla oynayacaq
Ölkəmizi Avroliqada təmsil edəcək “Qarabağ” hazırlıqlara iyunun 8-də başlayacaq. Apasport.az saytının məlumatına görə, 5 gün Bakıda ilkin hazırlıq keçəcək komanda iyunun 13-də təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.

“Qarabağ”ın qardaş ölkənin Qızılcahamam bölgəsində qalacağı otelin adı da məlumdur. Ağdam təmsilçisi minimum iyunun 27-dək “Patalya Thermal Resort” otelində məskunlaşacaq. Bu müddət ərzində 2 yoxlama oyunu keçiriləcək.

“Qarabağ” iyunun 22-də İran çempionu “Sepahan”, 5 gün sonra Rusiya Premyer Liqasını yenicə tərk etmiş “Mordoviya” ilə gücünü sınayacaq. Xatırladaq ki, Saransk təmsilçisi ötən yay (iyunun 21-də) yoxlama görüşündə “Neftçi”yə divan tutmuşdu – 4:0.