“Azərbaycan yığmasına qalib gəlmək böyük problemdir?”
05.06.2013 - 08:43
“Azərbaycan yığmasına qalib gəlmək böyük problemdir?”
2014-cü il dünya çempionatının seçmə mərhələsində millimizin də yer aldığı qrupda iyunun 7-də mərkəzi oyun olacaq Portuqaliya – Rusiya matçından öncə qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, Portuqaliyanın yerli qəzetlərindən birində azarkeşlər kapitan Kriştianu Ronaldonu tənqid atəşinə tutub.

Belə ki, 28 yaşlı hücumçudan Braziliyadakı dünya çempionatına düşməmək riski altında olan komandanın oyununu yaxşılaşdırılması sərt formada tələb ediblər. Azarkeşlər millinin pis çıxışında məhz Ronaldonu günahlandırırlar: “Əlbəttə, “Real”da daim qol vurmaq yaxşıdır. Ancaq unutmaq lazım deyil, bizim üçün əsas yığmadır. Milli cari seçmə mərhələdə faciəvi durumdadır! Bunda isə ilk növbədə Ronaldo günahkardır. Bəli, yığmada klubdakı kimi komanda yoldaşların yoxdur. Bununla belə, bəs ustalıq səviyyəsi və qol vurmaq bacarığı hardadır? Bəyəm, Azərbaycanla Şimali İrlandiya belə güclüdür ki, onlara qalib gəlmək böyük problemdir? Əgər Ronaldo özünü doğrultmaq istəyirsə, onda Rusiya ilə qarşıdakı oyunda bu komandanı “məhv edib”, azarkeşlərə ümidini qaytarmalıdır”.

Qeyd edək ki, cari seçmə mərhələdə millimizlə hər 2 oyunda qol vura bilməyən Kriştianu vaxtilə bizə 3:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.