“Xəzər Lənkəran”ın qrupa düşməsinə inanmalıyıq”
13.06.2013 - 23:01
“Xəzər Lənkəran”ın qrupa düşməsinə inanmalıyıq”
“Avroliqada rəqibimiz kim olursa-olsun. Biz komanda kimi avroliqaya yaxşı hazırlaşmalıyıq. Avropada oynayacağımızın məsuliyyətini hamı başa düşməlidir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-kapitanı Elnur Allahverdiyev deyib.

Ötən mövsüm 30 yaşlı futbolçunun da heyətində yer aldığı “ağ-yaşıllar” ilk dəfə qitə miqyaslı turnirdə mərhələ adladı. İndi cənub təmsilçisi növbəti sınağa ciddi yanaşır.

Allahverdiyev bunu Avropada oyunların daha çətin olması ilə əlaqələndirib: “hansı turnirdə oynayacağımızı dərk edirəm. Pis çıxmasın, Azərbaycan çempionatından fərqli, Avropa futbolunda hər səhvi bağışlamırlar, sürətli oyuna üstünlük verirlər. Biz də buna hazırlaşmalıyıq. Lap rəqib güclü olsun, məgər biz oynamamalıyıq? Kişi kimi oynayıb, kişi kimi mübarizə aparmalıyıq. Düzdür, məğlubiyyət də ola bilər, ancaq kişi kimi uduzmalısan”.

Avrokuboklarda bütün klublarımıza uğurlar arzulayan Allahverdiyevin sözlərinə görə, mehribançılıq, kollektiv güclü olanda tək futbolçu rəqibə heç nə edə bilməz: “Ötən il bir mərhələ keçdik, ancaq bu dəfə 3-4 mərhələ adlayıb, qrupa düşməyə çalışmalıyıq. Klubumuzun, baş məşqçimizin, hamının məqsədi eyni olanda, uğur qazanacağıq. Hərə özünü fikirləşəndə isə nəticə olmayacaq. Həyatda nəticə yadda qalır. Sabah deməyəcəklər ki, “Xəzər Lənkəran”a 5-10 futbolçu gəldi. Nəticədən danışacaqlar ki, bunun üçün yaxşı kollektiv olmalıdır. Nəticə qazansaq, hamı bizdən danışacaq. Futbolçu bunu dərk etməli, özünə hörmət qoymalıdır. İnanıram ki, bu il bir neçə mərhələ keçəcəyik. Buna görə mübarizə aparıb, məşq edirəm. Təki bütün futbolçular buna inansın”.

Mehman SÜLEYMANOV