Millimizlə oyunda debüt edən futbolçu yubiley matçını keçirdi
17.06.2013 - 01:10
 Millimizlə oyunda debüt edən futbolçu yubiley matçını keçirdi
Braziliyada keçirilən Konfederasiyalar Kubokunun qrup oyunlarında Meksika ilə qarşılaşan İtaliya yığma komandasının yarımmüdafiəçisi Andrea Pirlo üçün əlamətdar hadisə baş verib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı futbolçu “skuadra adzurra”nın heyətində yubiley matçına çıxıb.

Rio-de-Janeyro şəhərinin “Marakana” stadionunda Pirlo 100-cü dəfə İtaliya yığmasının formasını geyinib. Baş məşqçi Çezare Prandelli ona start heyətdə şans verib. Meksika üzərində 2:1 hesabı ilə qalib gəldikləri görüşdə, Andrea qarşılaşmanın 27-ci dəqiqəsində komandasının ilk qoluna imza atıb. Bu isə Pirlonun “skuadra adzurra”nın heyətində 13-cü topu olub.

Qeyd edək ki, Pirlo millisinin heyətində debüt oyununa 7 sentyabr 2002-ci il tarixində, AVRO-2004-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı matçda çıxıb.