“Skenderbeu” Bakıdan lazımı nəticə ilə dönsə, yaxşı şans əldə edəcək” - MÜSAHİBƏ
26.06.2013 - 13:45
“Skenderbeu” Bakıdan lazımı nəticə ilə dönsə, yaxşı şans əldə edəcək” - MÜSAHİBƏ
“Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, müdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsində Korça “Skenderbeu” ilə qarşılaşacaq “Neftçi” barədə danışıb. O, Albaniya və Azərbaycan çempionlarının duelində daha yaxşı oynayacaq komandaya azarkeşlik edəcəyini deyib.

- “Skenderbeu” Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu ilə oynayacaq. “Neftçi”ni yaxşı tanıdığınızdan, onun bizim üçün keçilə bilən rəqib olduğunu düşünürsüzmü?
- “Neftçi” ardıcıl 3 mövsümdür ki, Azərbaycan Premyer Liqasını çempion kimi başa vurur. Bununla da onlar avrokuboklara gedə biləcəklərini sübut ediblər. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində mübarizə aparmaları ilə də güclərini göstəriblər. Lakin “Skenderbeu” Bakıda keçiriləcək birinci matçda lazımı nəticə qazanarsa, fikrimcə, yaxşı şans əldə edəcək.

- Bakılıların güclü mövqeləri hansılardır?
- Yarımmüdafiə və hücum xətti çox güclüdür. “Neftçi”də təhlükə yarada biləcək fərqli futbolçular var. Komandadan ötən mövsümün bombardiri olan Nikolas Kanales getsə də, onların braziliyalı hücumçusu da güclüdür. O, çox səviyyəli futbolçudur.

- Bəs komandada çatışmayan cəhət yoxdur?
- Müdafiədə problemləri var. Ötən mövsüm komandanın bu mövqeyi stabil oyun göstərmirdi.

- “Skenderbeu” ilə oyunda hansı azərbaycanlı futbolçu daha təhlükəli ola bilər?
- “Neftçi”nin heyətindəki yerli futbolçular millinin də şərəfini qoruduqlarından klubda aparıcı rol oynayırlar. Legionerlər isə daha səviyyəlidirlər. Fikrimcə, “Skenderbeu” braziliyalı Flavinyo və syerra-leonlu Julius Vobaydan ehtiyatlı olmalıdırlar. Azərbaycanlı oyunçulardan Araz Abdullayev və kapitan Rəşad Sadiqovu xüsusi qeyd etmək olar.

- Bəs Azərbaycan mətbuatından sizinlə Korça təmsilçisi barədə maraqlanan olub?
- Bəli, püşkatmadan sonra bir çox jurnalist mənə zəng etdi.

- Onlara hansı məlumatları verdiz?
- Dedim ki, daha güclü qalib gəlsin (gülür).