“Qarabağ” “Neftçi”yə çatdı
03.07.2013 - 09:43
“Qarabağ” “Neftçi”yə çatdı
“Qarabağ” avrokuboklarda yubiley oyununda “Neftçi”yə çatıb. Apasport.az saytının məlumatına görə, ağdamlılar 1996-cı ildən çıxış etdikləri qitə miqyaslı turnirlərdə 35-ci oyununda 12-ci qələbəsini qazanıb. Bu, Avropa Liqasının I təsnifat mərhələsində Makedoniyada “Metallurq”la ilk matçda 1:0 hesablı qələbə ilə gerçəkləşib.

Bununla da bütün milli çempionatlarımızın iştirakçısı olan “Neftçi” ilə “Qarabağ”ın hər ikisi UEFA bayrağı altında keçirilən turnirlərdə 12 qələbəsi oldu. Ancaq fərq ondadır ki, bakılılar 42 matça çıxmaqla ən çox oyun keçirəndir. Bunun 11-də heç-heçə edən, 19-da uduzan “Neftçi” 47 xalla liderdir. O, vurduğu 38 qolun qarşılığından 70 top buraxıb.

“Qarabağ” isə 8 heç-heçə edərək, 15 dəfə məğlub olub. 41 xalı olan ağdamlılar 32 dəfə rəqib qapısına yol taparaq, 58 qol buraxıb.

Qeyd edək ki, qələbə sayında 3-cü yerdə 6 dəfə bu sevinci yaşayan “İnter” gedir.