Evdə start, tarixi debüt
03.07.2013 - 11:19
Evdə start, tarixi debüt
Sabah Azərbaycanın daha bir klubu qitə miqyaslı turnirdə növbəti mövsümə başlayacaq. Apasport.az saytının məlumatına görə, “Qarabağ”la “Xəzər Lənkəran”ın ardından Avropa Liqasındakı sonuncu təmsilçimiz “İnter” ilk sınağına çıxacaq. Bu, Finlandiyanın “Mariehamn” klubu ilə saat 21:00-da “Bayıl Arena”da başlayan matç olacaq.

“Bankirlər” ötən mövsüm bu turnirdə çıxış edərək, mübarizəni məğlubiyyətsiz başa vurdu. Belə ki, “İnter” Estoniyanın “Narva” klubu üzərində hər 2 oyunda inamlı qələbə qazanandan sonra Yunanıstan “Asteras”ı ilə matçlarda 1:1 hesablı bərabərliyə qaldı. Qalib penaltilər seriyasında müəyyənləşdiyindən, bakılılar onda uduzaraq, çıxışını dayandırmalı oldu.

Yenidən bürünc medalçımız kimi turnirdə oynamaq hüququ qazanan “İnter”dən fərqli rəqibi UEFA-nın “Fair Play”ə görə verdiyi vəsiqə sayəsində yarışın iştirakçısı olub. Finlandiyada çempionat getdiyi halda, “İnter” mövsümlərarası fasilədə yoxlama matçları ilə oyun praktikası sarıdan korluq çəkməməyə çalışır. Üstəlik, komandamızın heyətində mövsüm bitəndən sonra böyük dəyişiklər baş verdiyindən, boşluqları aradan qaldırmalı olur. Belə ki, xeyli futbolçusu ilə yollarını ayıran “İnter” demək olar yeni komanda qurmağa başlayıb. Bu, daha çox müdafiəyə aiddir ki, orada dəyişiklər etməyə məcbur olan təmsilçimiz yeni futbolçularla azarkeşləri qarşısına çıxacaq.

Ancaq “İnter” hücum xəttinə də transferlər edərək, orada diqqəti çəkən isimlərə yer verib. Bunlardan 35 yaşlı Aleksandr İaşvili uzun illər Gürcüstan millisinə və Almaniyada çıxışı ilə tanınıb. Aşağı Bundesliqa təmsilçisi “Bohum”dan gələn Aleksandr indi Azərbaycan klubunun əsas qol ümidlərindən olacaq. “Qarabağ”ın heyətində elə Avropa Liqasında böyük təcrübə qazanan Vaqif Cavadov isə “İnter”də rəsmi debütündə onun yeni kapitanı funksiyasını yerinə yetirəcək.

Matçla bağlı daha bir diqqəti çəkən məqam odur ki, bu, qitə miqyaslı turnirdə növbəti mövsümdə ilk ev oyunumuzdur. Əslində, “bankirlər” də mübarizəyə səfərdə başlamalı olsa da, UEFA sonradan yeri dəyişdi. Nəticədə ilk oyundan meydan sahibi olan “İnter” eyni zamanda “Bayıl Arena”da tarixi debütü gerçəkləşdirəcək. Belə ki, yeni istifadəyə verilən bu stadionda indiyə kimi beynəlxalq oyunlar keçirilsə də, avrokubok matçı ilk dəfə olacaq.

Qeyd edək ki, Avropa Liqasında mübarizəyə başlayan “Qarabağ” Makedoniyada “Metallurq”a 1:0 hesabı ilə qalib gəlib, “Xəzər Lənkəran” isə Maltada “Slima” ilə bərabərliyə qalıb – 1:1.