Bu da 100!
03.07.2013 - 13:07
Bu da 100!
Azərbaycan klubları Avropa Liqasında yubileyə imza atıb. Apasport.az saytının məlumatına görə, ölkəmiz 2009-cu ilə kimi UEFA kuboku adlanan turnirdə 100-cü oyununa çıxıb. Bununla da UEFA bayrağı altında keçirilən klub turnirlərində ilk dəfə yüzü haqlamış olduq.

Bunadək 98 oyunda meydana çıxan təmsilçilərimizdən yubiley matçının kimin olmağı sual doğurur. Məsələ ondadır ki, “Qarabağ”ın Makedoniya “Metallurq”u, “Xəzər Lənkəran”ın isə Malta “Slima”sı ilə dünənki səfər oyunları eyni anda – Bakı vaxtilə saat 20:45-də başlayıb. Sadəcə, UEFA oyunların siyahısında ilk olaraq ağdamlıların matçını göstərib.

Klublarımız 92 xal topladığı 100 oyunun 22-də qalib gəlib, 26-da heç-heçə edib, 52-də uduzub. Topların fərqi 85-174 rəqiblərin xeyrinədir. Ümumilikdə isə avrokuboklarda 174 matç keçirdiyimizdən, “İnter” Finlandiya “Mariehamn”ı ilə sabahkı ev oyunu növbəti yubiley olacaq. Klublarımızın hesabında 41 qələbə, 41 heç-heçə, 92 məğlubiyyət var. Buraxdığımız 300 topun müqabilində 141 qol vurmuşuq. Qitə miqyaslı turnirdə xal ehtiyatımız isə 164-dür.

Bu turnir ölkəmiz üçün həm də ona görə önəmlidir ki, UEFA bayrağı altında debütümüz məhz onda olub. Bu, 1994-cü ildə “Turan”ın UEFA kubokunda “Fənərbaxça”ya səfərdə 0:5 hesabı ilə uduzduğu matçdır. Əslində, tovuzlular həmin vaxt çempion olsa da, UEFA ölkəmizi Çempionlar Liqasına yalnız 1997-ci ildə buraxdı. Avrokuboklarda ilk qolumuz da UEFA kubokunda gerçəkləşib. Bu, “Kəpəz”in 1995-ci ildə Avstriyada “Austriya”da 1:5 hesabı ilə uduzduğu cavab oyununda hücumçu Yadigar Süleymanovun vurduğu qoldur.

Maraqlıdır ki, UEFA kubokunda təcrübəmiz nə qədər böyük olsa da, mərhələni ən sonda məhz bu turnirdə adlamışıq. 1999-cu ildə İntertoto kubokunda “Qarabağ”la, 1 il sonra “Şəmkir”lə Çempionlar Liqasında növbəti mərhələyə yüksələn Azərbaycan Avropa Liqasının sələfində buna 2006-cı ildə nail oldu. Onda “Karvan” Slovakiya “Sparka”ını hər 2 oyunda 1:0 hesabı ilə yenməklə mərhələ keçdi.