“Düşünürəm ki, mən “Neftçi” ilə matçların iştirakçısı olacağam”
03.07.2013 - 14:14
“Düşünürəm ki, mən “Neftçi” ilə matçların iştirakçısı olacağam”
“Mən hələ klub prezidenti Ardian Takayla müqaviləmin yenilənməsi haqqında danışmamışam”. Apasport.az saytının məlumatına görə, bunu “Skenderbeu”nun sol cinah müdafiəçisi Endrit Vrapi deyib.

31 yaşlı futbolçunun “Skenderbeu” ilə müqaviləsinin müddəti başa çatıb. Komandanın xorvatiyalı bombardiri Pero Peyiçin Çinə üz tutmasından sonra Vrapi də klubdan ayrıla bilər.

Ancaq 2010-cu ildən çıxış etdiyi “Skenderbeu”da 3 dəfə ölkə çempionluğunu qazanan Vrapinin özü Korça təmsilçisində qalmaq istədiyini bildirib: “Mənim arzum Korçada qalmaqdır. Ancaq hər şey məndən asılı deyil. İndi gələcəyimi müəyyənləşdirməyin vaxtıdır. Hazırkı anda düşünürəm ki, mən Çempionlar Liqasında “Neftçi” ilə matçların iştirakçısı olacağam”.

Qeyd edək ki, “Neftçi”nin “Skenderbeu” ilə ilk oyunu iyulun 16-da Bakıda olacaq.