“Rəvan”a polşalı futbolçu qoşuldu
03.07.2013 - 14:41
 “Rəvan”a polşalı futbolçu qoşuldu
"Rəvan” yeni mövsümün hazırlığını davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bazar ertəsi baş tutan bərpaedici hazırlıqdan sonra yenidən "gücləndirilmiş rejimə” keçib.

Gündə 2 dəfə məşq edən futbolçular hazırlığın birinci mərhələsində olduqca istəkli görünür. "Bayıl Arena”da baş tutan bugünkü səhər məşqi də bu baxımdan istisna olmayıb.

Baş məşqçi Ramil Əliyev axşam məşqinin trenajor-zalda olacağını nəzərə alıb hazırlığı taktiki-texniki çalışmalar üzərində qurub. Belədə futbolçular da toplu çalışmalarla "yüklənib”. Dar sahədə pressinq tətbiq etmək, bu pressinqdən çıxmaq üzərində işləyən oyunçular ənənəvi "kvadrat” üzrə də çalışıb. Təxminən saat yarım çəkən məşqin sonunda komanda üzvləri cinah asmaları və onların qapanması, eləcə də qapıya zərbələr üzərində işləyib.

Məşqin daha bir özəlliyi onda olub ki, “Rəvan”ın legionerləri tam heyətlə ilk dəfə meydana çıxıb. Belə ki, polşalı qapıçı Lukaş Sapela artıq Bakıdadır. Səhər saatlarında paytaxtımıza dönən qolkiper yüksək peşəkarlıq nümayiş etdirərək özünü səhər məşqinə çatdırıb. Komanda üzvlərinin Lukaşın bu addımını alqışla qarşılaması da diqqət çəkib.