“Slima” “Nomme Kalyu” deyil ki…”
03.07.2013 - 15:00
“Slima” “Nomme Kalyu” deyil ki…”
“Xəzər Lənkəran”ın “Slima”ya qarşı oyunu heç xoşuma gəlmədi. Komanda həddən artıq zəif təsir bağışladı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.

48 yaşlı mütəxəssis ötən yay Avropa Liqasında 2 mərhələnin iştirakçısı olduğu lənkəranlıların Maltada “Slima” ilə 1:1 hesablı bərabərliyə qaldığı oyunundan narazı qalıb.

Onun fikrincə, “ağ-yaşıllar” özündən zəif olan rəqibinə mütləq qalib gəlməli imiş: “Bəlkə də meydana arxayın çıxmışdılar. “Xəzər Lənkəran”ın fiziki hazırlığı zəif görünürdü, futbolçular meydanda ləng idilər. Həmkarım Con Toşakın işinə qarışmaq istəmirəm, sadəcə, artıq 60-cı dəqiqədə 3 əvəzləmə etməyini anlamadım. İspaniyalı qapıçı Toni Doblasın çempionat oyunlarında səhvlər etdiyi halda, yenə əsas heyətdə ona şans verdi. Yerli qapıçı Orxan Sadıqlının ehtiyatda qalmasını anlamadım”.

Maraqlıdır, Hüseynov belə deməyi ilə öz komandasının Toşakın “Xəzər Lənkəran”ından güclü olduğunu düşünür?: “Özümü tərifləmək fikrim yoxdur. Oyunlarımızın kasetlərinə baxıb fikir yürüdə bilərsiniz. Mənim vaxtımda “Xəzər Lənkəran” həddən artıq sürətli oynayırdı. Nə olsun ki, evdə 2:2 oynadıq? Bir də ki “Slima” “Nomme Kalyu” deyil ki… Estonlar Malta klubundan 50 dəfə güclü idilər”.

İstənilən halda, çalışdırıcı lənkəranlıların mərhələ adlayacağına şübhə etmir: “Əlbəttə, “Xəzər Lənkəran” növbəti mərhələyə çıxacaq. Səfərdən fərqli, evdə ən azı 3 qol vurub qalib gələcəklər. Sadəcə, “Xəzər Lənkəran”dan çox şey gözlədiyimdən, rəqib belə zəif olduğundan, oyun məni razı salmadı”.

Qeyd edək ki, “Xəzər Lənkəran” tarixində avrokuboklarda ilk və hələlik yeganə mərhələ keçməyini Hüseynovun vaxtında Estoniyanın “Nomme Kalyu” klubu ilə oyunlarda gerçəkləşdirib. Onda evdə 2:2 hesablı heç-heçə edən cənublular səfərdə qazandıqları 2:0 hesablı qələbə ilə II təsnifat mərhələsinə çıxdılar.