Yenə məğlubiyyətsiz
05.07.2013 - 09:05
Yenə məğlubiyyətsiz
Azərbaycan klubları avrokuboklar mövsümünün ilk həftəsini arxada qoydu. Apasport.az saytının məlumatına görə, “Qarabağ”, “Xzəər Lənkəran” və “İnter”in mübarizəyə qoşulduğu həftə məğlubiyyətsiz başa çatdı.

“Qarabağ” səfərdə Makedoniya “Metallurq”unu 1:0 hesabı ilə məğlub etdisə, “İnter”lə “Xəzər Lənkəran” eyni – 1:1 hesablı heç-heçə ilə kifayətləndi. Sadəcə olaraq fərq ondan ibarət idi ki, bakılılar öz, cənublular rəqib meydanında 1 xala imza atdı. “İnter” Finlandiyanın “Mariehamn”, “Xəzər Lənkəran” isə Maltanın “Slima” komandası ilə bərabərliklə kifayətləndi.

Maraqlıdır ki, ötən mövsüm də avrokubokların ilk həftəsində 3 komandamız məğlubiyyət acısı dadmamışdı. Elə indi olduğu nkimi onda da 1 qələbə və 2 heç-heçə qeydə alınmışdı.

1 il əvvəl indikindən fərqli 1 komandamız səfərdə, 2-si evdə oynamışdı. “İnter”lə “Xəzər Lənkəran”a həmin vaxt “Bakı”, indi isə “Qarabağ” yol yoldaşlığı edir. Avropa Liqasının həmin mövsümündə “Xəzər Lənkəran” Estoniya “Nomme Kalyu”su ilə sülh bağlamışdı – 2:2. “Bakı” isə Sloveniya “Mura”sı ilə bacarmamışdı – 0:0. Qələbəni yalnız səfərdə oynayan “İnter” qazanmışdı. Bakılılar Estoniyada “Trans”a 5 cavabsız qol vurmuşdu.