“Baş məşqçimiz oyundan sonra heç bir futbolçunu danlamadı”
05.07.2013 - 09:50
“Baş məşqçimiz oyundan sonra heç bir futbolçunu danlamadı”
“Məqsədimiz doğma meydançamızda qələbə qazanmaq idi. Gördüyünüz kimi, rəqib heç də zəif deyil. Oyundan qabaq onların zəif və üstün cəhətlərini təhlil etmişdik. Çalışırdıq ki, meydançada məşqçimizin verdiyi tapşırıqları yerinə yetirək. Ancaq ilk hissədə qol vurduqdan sonra oyunumuz alınmadı. Belədə məşqçinin tapşırıqlarını icra edə bilmədik”. Bunu apasport.az saytına “İnter”in müdafiəçisi Ruslan Əmircanov deyib.

90 dəqiqə müdafiənin sağında oynayan Əmircanovun sözlərinə görə, “İnter” qol buraxmasına baxmayaraq, ikinci yarıda daha yaxşı futbol sərgiləyib: “Fasilədən sonra özümüzü ələ alıb daha yaxşı oynadıq. Daha çox qol vurmaq şanslarımız olsa da, bəxtimiz gətirmədi. Çempionatda olduğu kimi, avrokubok oyunu zamanı da şanslarımızdan yararlana bilmirik. Bizim yeganə zəif cəhətimiz budur”.

İkinci yarıda baş tutan epizodlardan birində Kaxaber Sxadadze onun üzərinə qışqırmaqla yadda qaldı. Ümumiyyətlə, oyundan sonra gürcü çalışdırıcı iradlarını hər hansısa futbolçuya bildirdimi?
“Oyun zamanı futbolçuya irad bildirilməsi təbii haldır. Ancaq o, görüşdən sonra heç bir futbolçunu danlamadı. Əksinə, baş məşqçi bizə dedi ki, başınızı qaldırın yuxarı, hələ heç nə itirilməyib. Səhvlərimiz üzərində işləyib səfərdəki oyuna hazırlaşmalıyıq. Rəqib zəif olsaydı və şanslarımız olmasaydı, bəlkə də bizə irad bildirərdi. Səfərdə qələbə qazanmağa gedəcəyik”.

Səbuhi TOFİQOĞLU