“Biz ötürmələrdə “İnter”dən daha yaxşı idik” - MÜSAHİBƏ
05.07.2013 - 12:00
“Biz ötürmələrdə “İnter”dən daha yaxşı idik” - MÜSAHİBƏ
“Mariehamn”ın hücumçusu Kris Brayt jurnalistlərə müsahibə verib. Yeni Zelandiyadan olan 26 yaşlı futbolçu apasport.az saytının da suallarını cavablandırıb.

- Oyun haqqında nə deyə bilərsiniz?
- “İnter” həqiqətən də yaxşı oyun sərgilədi. Meydan sahibi olduqlarından qarşılaşmada dominantlıq edən tərəf sizin komandanız idi. Ancaq qol buraxdıqdan sonra özümüzə gəldik və səfər qolunu vurmağa çalışdıq. Axtardığımız qolu tapanda isə artıq gec idi və qələbə topu üçün vaxt qalmamışdı.

- Biz gözləyirdik ki, siz start heyətdə yer alacaqsınız. Ancaq sizin əvəzinizə ilk dəqiqələrdən sonradan zədələnən yamaykalı Dever Orcill oynadı...
- Elədir. Çempionatda son qələbəmizdə bu futbolçunun rolu olmuşdu. O, qol vurmuşdu. Görünür, bu səbəbdən baş məşqçi seçimi onun üzərində etmişdi. Əslində biz çox vaxt eyni anda meydana çıxırıq. Ancaq bu dəfə rəqibə uyğun olaraq başqa plan qurulmuşdu. Ola bilər, gələn dəfə də mən ilk dəqiqələrdən meydanda olum.

- Hansı komponentlərdə sizin komandanız “İnter”dən daha yaxşı təsir bağışladı?
- Fikrimcə, biz ötürmələrə və hücumçularını saxlamağı bacara bildiyimizə görə rəqibdən daha yaxşı idik. Bizim qol vurmaq şanslarımız da az olmadı. Bu heç-heçə üçün az əziyyət çəkmədik.

- Fikrimizcə, siz “İnter”dən daha sürətli oynayırdınız. Bununla razısınız?
- Bəli, mən də elə fikirləşirəm. Xüsusən top bizdə olanda çox sürətli hücumlar qururduq.

- “İnter”in Finlandiyada nəsə etmək imkanı var?
- Bunu necə deyə bilərəm? (gülür) Hesab çox sürüşkəndir. Ancaq deyə bilərəm ki, bizim növbəti mərhələyə keçmək və klubun tarixinə düşmək üçün çox gözəl şanslarımız var.

- Bu nəticəni sizin üçün qızıla bərabər saymaq olarmı?
- Əlbəttə, çox yaxşı nəticədir. Özünüz yaxşı bilirsiniz ki, səfər qolunun önəmi necə böyükdür. “İnter” qol vura bilməsəydi, daha yaxşı olardı. Ancaq istənilən halda, nəticə yaxşıdır.

- Əgər ölkəmizdən təklif alsanız, bura gəlmək haqda düşünərdiniz?
- Çox təəssüf ki, mənim noyabra kimi klubumla müqaviləm var (gülür).

Səbuhi TOFİQOĞLU