“Mariehamn” bizi təəccübləndirmədi” – MÜSAHİBƏ
05.07.2013 - 12:22
“Mariehamn” bizi təəccübləndirmədi” – MÜSAHİBƏ
“İnter”in və Azərbaycan yığmasının futbolçusu Abdulla Abatsiyevin apasport.az saytına müsahibəsi

- Avropa Liqasının I təsnifat mərhələsində Finlandiyanın “Mariehamn” klubu ilə ev oyununda hesabda 1:0 irəlidə olsanız da, ikinci hissədə buraxdığınız qolla qələbəni əldən verdiniz. Buna nə səbəb oldu?
- Biz bu oyunda qalib gəlməli idik. Ərazi üstünlüyünə malik idik, çoxlu qol imkanları yaratdıq. Rəqibi tam üstələdik.

- Elə isə niyə qalib gəlmədiniz?
- Sadəcə, bəxtimiz gətirmədi. Öz səhvimizdən sonra qol buraxdıq.

- Düşünmürsünüz ki, bu hesabdan sonra səfərdə mərhələ keçəcək sizə ikiqat çətin olacaq? Çünki evdə top buraxdığından, onun əvəzini çıxmalısınız...
- İstənilən halda, bizə asan olmayacaqdı. Ancaq hər şey ilk növbədə özümüzdən asılıdır. Mənə elə gəlir ki, rəqibdən güclü olmağımız görünürdü. Cavab oyununda qalib gəlmək üçün hər şey edəcəyik.

- Şanslarınız çoxdur, yoxsa bərabərdir?
- Mən futbolda şanslar haqda mühakimə yürütməzdim. Ona görə də bu haqda bir şey deyə bilmərəm.

- Asif Məmmədovun qol vurduğu epizodda komanda yoldaşınıza ötürməni siz verdiniz...
- Belə demək olar ki, bu, bizim ev tapşırığımızdır. Məşqlərdə tez-tez bunu edirik. Bu dəfə alındı, ötürmə getdi.

- İkinci hissədə yoruldunuz. Bunu nə izah etmək olar?
- Bu, növbəti mövsüm öncəsi ilk rəsmi oyunumuzdu. Buna görə də hələ fiziki cəhətdən 100 faiz hazır deyiləm.

- Rəqibdən belə oyun gözləyirdiniz?
- Siz hesab edirsiniz ki, onlar zəif oynadılar?

- Hər halda, güclü rəqib deyil. Sizdə meydanda oynayan futbolçu kimi hansı təəssürat oyatdı?
- Mən deməzdim ki, onlar zəif idilər. Belə deyərdim ki, finlər bizi təəccübləndirmədilər.

Mehman SÜLEYMANOV