“Klublarımız 1-2 mərhələ keçməyə borcludular” – MÜSAHİBƏ
05.07.2013 - 17:55
“Klublarımız 1-2 mərhələ keçməyə borcludular” – MÜSAHİBƏ
Naxçıvanın “Araz” klubunun baş məşqçisi Əsgər Abdullayevin apasport.az saytına müsahibəsi

- Komandanın hazırlıq prosesi necə gedir?
- İşlər qaydasındadır, seçimimizi edirik. Hər şey yüksək səviyyədədir. Baxışda olan futbolçular var. Müqavilə imzalayacağımız oyunçularla bağlı mətbuata açıqlama veriləcək.

- I divizion komandaları lazım olan sayda 21 yaşadək futbolçu tapmaqda çətinlik çəkir. Bu sahədə sizdə vəziyyət necədir?
- Hazırda əsasən 21 yaşadək futbolçular üzərində dayanmışıq. Çünki qaydalar əsas heyətdə 3 təcrübəli futbolçudan istifadə etməyə icazə verir. Qalanları 21 yaşadək oyunçular olmalıdır. Belə futbolçuları tapmaq çətindir. Demək olar 70-75 faiz buna nail olmuşuq. Seçimlər davam edir. Futbolçular gəlirlər, onları yoxlayırıq, qərar veririk. Hər şeyin bir qaydası var.

- Bəs təcrübəli oyunçulardan kimlərlə anlaşmısınız?
- Anlaşmaq deyəndə, dəvət olunanlar var. Komanda hamısı baxışdadırlar. Hələ müqavilə imzalamamışıq. İnanıram ki, onlar özlərini yaxşı tərəfdən göstərəcəklər və cavanları öz arxaları ilə apara biləcəklər. Hər şey onların öz əllərindədir. Əsas problem gənc futbolçularla bağlıdır. Burda komanda üçün hər cür şərait yaradılıb. Komanda Şərurda qalır. Azarkeşlər bizə hər cürə dəstək göstərirlər. Naxçıvanda canlanma var.

- Emin İmaməliyev, Aftandil Hacıyev kimi təcrübəlilərlə anlaşdığınız deyilirdi. Sualı da buna cavab almaq üçün verdim...
- Təcrübəlilərdən Mikayıl Rəhimov, Emin İmaməliyev və Hüseyn Məhəmmədov da burdadır. Başqa təcrübəli oyunçular da var. Hamısına baxırıq. Ən azı 16 nəfər götürmək istəyirik. Çünki mövsüm ərzində futbolçunun zədələnməyi, cəzalanmağı var. Yenə deyirəm, əsas fikrimizi 21 yaşadək futbolçulara yönəltmişik. Yaxın vaxtlarda seleksiya işlərini yekunlaşdırıb, kimlərlə müqavilə imzalayacağımızı dəqiqləşdirəcəyik.

- Komandaya legioner futbolçu necə, dəvət etməyi düşünürsünüz?
- Belə bir fikrimiz var. Üstünlüyü yerli oyunçulara vermişik. Ancaq ola bilsin, legioner də dəvət edək. Təbii ki, baxışdan keçməyən heç bir futbolçunu komandaya götürmək fikrimiz yoxdur. Hazırda bu istiqamətdə işlər gedir, danışıqlarımız davam edir.

- Mərkəzi stadionda görülən işlərlə bağlı nə deyə bilərsiniz?
- Təmir işləri təxminən 2 aydır davam edir. Ona görə məşqlərimizi Şərurda keçirik. Stadionda tam abadlıq işləri görülür. Meydançadan tutmuş, oturacaqlara qədər yenilənir.

- Çempionatın startına qədər işləri yekunlaşdırmaq mümkün olacaq?
- Bir aya, bəlkə də 15-20 günə işlər başa çatacaq. Yenə deyirəm, azarkeşlər böyük futbol üçün çox darıxıblar. Görülən işlər də yüksək səviyyədədir. Çempionata qədər stadion təmir olunub, komandaya veriləcək.

- Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçirilib. Təmsilçilərimizin oyunları haqda hansı fikirləri səsləndirə bilərsiniz?
- “Xəzər Lənkəran” və “Qarabağ”ın növbəti mərhələyə çıxmaq baxımından daha şanslı görünürlər. “İnter”in oyunu haqda bir söz deyə bilmərəm. Çünki isti ilə əlaqədar məşqləri axşam saatlarına salmışıq. Dünən onlar oynayan zaman komanda məşqdə idi. Ona görə də baxa bilməmişəm.

- Oyun planında necə, ümid verirlərmi? Qrup mərhələsinə düşmək şansımız nə dərəcədədir?
- İlk növbədə püşkdən də çox şeyin asılı olduğunu qeyd etməliyəm. Azərbaycan klubları üçün indi çox gözəl şərait yaradılıb. Artıq klublarımızın 1-2 mərhələ adlaması ən azı onların borclarıdır. Oyun baxımından da deyə bilərəm ki, komandalarımız nəsə etməyə qadirdirlər. Amma şansdan da çox şey asılıdır. Kiminlə oynayacağı vacib məqamdır.