“Xəzər Lənkəran” yenə qələbə qazana bilmədi
06.07.2013 - 22:48
“Xəzər Lənkəran” yenə qələbə qazana bilmədi
Avroliqanın I təsnifat mərhələsində “Slima” ilə 1:1 hesablı bərabərlikdən sonra Maltada qalan və bu ölkədə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Almaniya toplanışında “İnqolştadt 04”ün ikinci komandası (6:1) ilə qarşılaşan cənublular bu dəfə Malta çempionu “Birkirkara” ilə qüvvəsini sınayıb.

“Sirens” stadionunda baş tutan matçda qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə yukunlaşıb.

Qitə miqyaslı klub turnirinin I təsnifat mərhələsində səfərdə “Slima”nı məğlub edə bilməyən Con Toşakın komandası bu oyunda da yenə hesabı açmağa müvəffəq olub. Qarşılaşmanın 65-ci dəqiqəsində Marin Orsuliçlə önə keçən “ağ-yaşıllar” üstünlüyü sona qədər qorumağı bacarmayıblar.

Qeyd edək ki, “Xəzər Lənkəran” - “Slima” matçı iyulun 11-də Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək. Saat 20:00-da start veriləcək qarşılaşmanı belçikalı FİFA referisi Vim Smet idarə edəcək.


Yoxlama oyunu
6 iyul

“Birkirkara” (MALTA) - “Xəzər Lənkəran” (AZƏRBAYCAN) - 1:1
QOL: Marin Orsuliç, 65-pen

“Xəzər Lənkəran”ın start heyəti: 25. Orxan Sadıqlı, 5. Elnur Allahverdiyev, 6. Rasim Ramaldanov, 4. Alvaro Silva, 8. Eder Bonfim, 99. Marin Orsuliç, 23. Nikola Qliqorov, 16. Adrian Pit, 9. Uğur Pamuk, 14. Rahid Əmirquluyev, 17. Kazım Kazıımlı

Meydan sahibləri oyuna başladı.
Adrian Pitin yerinə yetirdiyi künc zərbəsindən sonra top rəqib futbolçunun əlinə dəysə də, hakim penalti vermədi.
Hesab açıla bilərdi. Ancaq Orxan rəqibin yaxın məsafədən zərbəsini dəf etdi.
Pit müdafiəçini aldadıb cərimə meydançası daxilində qapıya zərbə endirdi. Ancaq dəqiqlik alınmadı.
İlk hissə qolsuz heç-heçə ilə başa çatdı.

Fasilə.

İkinci hissə başladı.
Kazım Kazıımlı meydandan çıxdı, onu isə Elnur Cəfərov əvəzlədi.
Sadıqlı yenə hesabın açılmasına imkan verməyib. O, rəqibin cərimə meydançası xətti üzərindən qüvvətli zərbəsini çətinliklə qaytardı.
Pitin qapıya zərbəsindən sonra top cərimə meydançasında müdafiəçinin əlinə dəydi. Maltalıların qapısına təyin edilən penaltini Marin Orsuliç dəqiq yerinə yetirərək hesabı açdı.
Rahid Əmirquluyevin əvəzinə meydana Elnur Abdullayev daxil oldu.
Rəqib hesabı bərabərləşdirdi.
Cəfərovun ötürməsindən sonra Adian Pit 7-8 metrdən çərçivəyə düşə bilmədi.
Uğur pamukun zərbəsi qapı tirindən qayıtdı.
Görüş 1:1 hesabı ilə başa çatdı.