“Azərbaycandan təklifi qəbul etməyim mümkündü” - MÜSAHİBƏ
06.07.2013 - 10:00
“Azərbaycandan təklifi qəbul etməyim mümkündü” - MÜSAHİBƏ
Finlandiyanın “Mariehamn” klubunun kapitanı Yanne Lüüskinin apasport.az saytına müsahibəsi

- “İnter”lə oyunda heç-heçəyə nail oldunuz. Görüş barədə fikirlərinizi bilmək istərdik...
- Başlanğıcda erkən qol buraxdıq. Ancaq bundan ruhdan düşmədik. Səfərdə oynamağımıza baxmayaraq, uduzmamaq istəyirdik. Sevinirik ki, bu oyunda uğur bizim tərəfimizdə oldu və Finlandiyaya 1:1-lə qayıdırıq.

- Deməli, bu hesab sizin üçün çox yaxşı nəticə sayılır. Bura heç-heçə üçün gəlmişdiniz?
- Əlbəttə ki, qələbə qazanmaq daha yaxşı nəticə sayılacaqdı. Ancaq hazırkı durumda nəticə bizi qane edir. Çünki məğlub olduğumuz halda, məğlubiyyətdən qaça bildik.

- Siz baş məşqçiniz Pekka Lüüskinin oğlusunuz, yoxsa sadəcə familiyanız eynidir?
- Bəli, oğluyam. Mən uzun müddət xaricdə - qonşu İsveçdə çıxış etmişəm. Ötən mövsüm atam mənə komandasına kömək etməyə çağırdı. Mən də “Mariehamn” elitada oynadığı üçün atamın sözünü yerə salmadım və Finlandiyaya geri qayıtdım.

- Meydanda olarkən görünüşcə məşhur həmyerliniz Sami Hyuyupiyaya oxşayırsınız. Maraqlıdır ki, o da sizin kimi mərkəz müdafiəçisi olub…
- Təşəkkür edirəm bu sözlərinizə görə (gülür). O, Finlandiyanın ən məşhur oyunçularından olub. 10 il “Liverpul” kimi klubda çıxış edib. Məni ona bənzətməniz xoşuma gəldi.

- İkinci hissəyə çox sürətli başladınız. Meydanda daha çox topla oynayan tərəf siz idiniz. Paltardəyişmə otağında baş məşqçiniz nə dedi ki, belə oynadınız?
- Bizim yaxşı komandamız var. Məhz buna inanaraq ikinci yarıda meydana çıxdıq. Ancaq bizim üçün meydanda bunu göstərmək çətin idi. Çünki “İnter” bizdən fərqli, meydan sahibi olan tərəfdir. Belə olan halda, istədiyin futbolu tam nümayiş etdirmək olmur. Ancaq yenə də səfər üçün pis oynamadıq.

- Deyəsən, siz səfərdə yaxşı oynamağı bacarırsınız. Çünki Finlandiya çempionatında Turku “İnter”inə və Avroliqada Bakı “İnter”inə səfərdə məğlub olmadınız. Ancaq evdə gözlənilmədən HİK-ə 0:5 hesabı ilə yenildiniz…
- (gülür) Tamamilə doğrudur. Ancaq “İnter”lə oyunda uduzmamağımızın səbəbi bu matça yaxşı köklənə bilməyimiz idi. Bu qarşılaşmanı ciddiyə almasaydıq, indi biz bərabərlikdən danışmırdıq. “İnter”lə evdəki oyuna da ciddi şəkildə köklənməliyik. O zaman istədiyimiz nəticəni qazanacağıq.

- Azərbaycandan təklif alsanız, burda oynamağa siz və atanız razı olar?
- Mən belə gözəl xalqın əhatəsində futbol oynamağa məmnun olaram. Ola bilər ki, təklifi qəbul edim. Hər halda bunu müzakirə edə bilərik (gülür).

Səbuhi TOFİQOĞLU