Elvin Məmmədov: Baş məşqçinin iradları ilə razılaşıram – MÜSAHİBƏ
06.07.2013 - 14:37
Elvin Məmmədov: Baş məşqçinin iradları ilə razılaşıram – MÜSAHİBƏ
Azərbaycanın hərbçilərdən ibarət yığma komandasının və “Bakı”nın kapitanı Elvin Məmmədovun apasport.az saytına müsahibəsi

- Qrupda 2-ci oyunda Kanadaya 2:0 hesabı ilə gələrək, 1/4 finala çıxdığımız matç haqda fikirlərinizi bilmək istərdik...
- Öz işimizi çətinləşdirdik. Oyuna arxayın çıxmışdıq. Rəqibi ciddiyə almamışdıq. Çətin də olsa qələbə və ¼ finala vəsiqə qazandıq.

- Rəqibin ilk oyunda İraqa 0:7 hesabı ilə məğlub olmasının təsiri var idi?
- Təbii ki, oldu. Xüsusilə də gənc futbolçularımız bunu ciddiyə almadılar. Kanadadır, udacağıq da.

- Baş məşqçi Nazim Süleymanov da bundan şikayətləndi. Bu cür addımı qeyri-peşəkarlıqla bağlamaq olarmı?
- Bir şeyi unutmamalıyıq ki, artıq hər kəs futbol oynamağı bacarır. İstər hərbçisi olsun, istərsə də peşəkar futbolçu. Nazim müəllimin iradları ilə razılaşıram. Çünki meydana 11 futbolçu çıxır və iradlar hamıya aiddir.

- Komandanın qarşısına hansı hədəflər qoyulub?
- Çempionat başlayan vaxt hədəflərlə bağlı konkret heç nə deyilməyib. Nə qədər bacarsaq, o qədər də irəliləyəcəyik.

- Belə isti havada futbol oynamaq çətin deyil?
- Çətin deyil. Sadəcə, biz tam hazır deyildik. Tez toplaşdıq. Fasilə müddətində cəmi 10 gün dincəldik və sonra hazırlığa başladıq. Bu da müəyyən qədər çətin oldu. Çünki biz fikrimizdə klubun hazırlığını nəzərdə tutmuşduq. Artıq hər şey arxada qalıb. Əziyyət çəkdik, bəhrəsini də görürük.

- Bir az da klub haqda danışaq. Yeni baş məşqçi ictimaiyyətə təqdim edildi, komanda Avstriyaya yollandı. Kənarda qalmaq çətin deyil?
- Mətbuatdan izlədim. Hafiz müəllim (“Bakı” klubunun prezidenti Hafiz Məmmədov nəzərdə tutulur – red.) yeni baş məşqçiyə inanır. İnşallah, “Bakı” üçün xeyirli olar.

- Pantiç hansısa oyununuzu izləyibmi?
- Eşitdiyimizə görə, gəlib baxmalı idilər. Ancaq hansı oyunumuzdur, onu bilmədim. Baş məşqçi ilə təkbətək söhbətimiz olmayıb.

- Təyinatdan sonra klubdan kimsə sizinlə əlaqə saxlayıbmı?
- Pasportla bağlı axtarıblar. Avstriyaya getmək üçün viza açdırıblar. Hərbçilərin oyunları bitdikdən sonra Avstriyaya yollanıb, “Bakı”nın hazırlığına qatılacağıq.

- Yeni baş məşqçi haqda nə deyə bilərsiniz?
- Karyerası ortadadır. İstər futbolçu kimi, istərsə də məşqçi kimi gördüyü işlərlə tanış olmuşuq. Güclü mütəxəssis olduğu danılmazdır. Ancaq nəzərə alaq ki, Azərbaycan çempionatı da zəif deyil. Hər bir klubumuz futbol oynamağı bacarır.

- Pantiç fiziki hazırlığa daha çox önəm verir. Bu sizin üçün problem olmayacaq?
- Eşitmişəm ki, fiziki hazırlığa daha çox diqqət yetirir. Bilirəm ki, çətin olacaq. Ancaq xeyrimə olan məqamdır.