“Dənizlispor” Rail Məlikovun yerinə tapdığı azərbaycanlıya dəvət göndərdi
06.07.2013 - 17:00
“Dənizlispor” Rail Məlikovun yerinə tapdığı azərbaycanlıya dəvət göndərdi
“Dənizlispor” yollarını ayırdığı futbolçumuz Rail Məlikovun yerinə azərbaycanlı oyunçu tapıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, I divizion təmsilçisi millimizin digər sabiq müdafiəçisi – Vurğun Hüseynova təklif göndərib. 24 yaşlı futbolçumuzla danışıqların müsbət keçdiyi və onun iyulun 8-də Dənizlidə olacağı bildirilir.

Rail az öncə “Qəbələ”yə keçdiyi halda, Vurğun son illərdə şərəfini qoruduğu bu komandadan gedib. O, mövsüm bitəndən sonra “Sumqayıt”a keçib.

Maraqlıdır ki, Türkiyənin digər internet mənbəyində başqa mərkəz müdafiəçimiz - Saşa Yunioğlunun maraqlandıqları və Dənizliyə dəvət olunduğu yazılıb. Vurğun kimi mövsüm bitəndən sonra “Sumqayıt”a keçən millimizin 28 yaşlı sabiq oyunçusunun Məlikovla dost olaraq, vaxtilə bir yerdə oynadığı məlumdur.

Ancaq “Sumqayıt”ın mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, müdafiəçilərinə təklif gəlməyib. Belə ki, Saşa zədəli olduğundan məşqdə iştirak etmir. Vurğun isə hazırda düşərgədə olaraq az sonra Sumqayıtda AZAL-la yoxlama oyununa çıxacaq. Sumqayıtlılar böyük ümidlər bəslədiyi Hüseynovu əldən buraxmaq fikrində deyillər. Saşa ilə Vurğun “Sumqayıt”la 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, hazırda yarımmüdafiəçimiz Arif İsayev sərəncamında olan “Dənizlispor” azərbaycanlı futbolçu legioner sayılmadığından daha birini transfer edib, boşluğu doldurmaq fikrindədir.