Trattou yenə Böyükağa Hacıyevlə görüşəcək
08.07.2013 - 11:46
Trattou yenə Böyükağa Hacıyevlə görüşəcək
İyulun 17-də keçiriləcək “Neftçi” – “Skenderbeu” matçını idarə edəcək kiprli hakim Leontios Trattou əvvəllər də Azərbaycan komandalarının matçlarında fit çalıb. Apasport.az saytının məlumatına görə, 2006-cı ildən FİFA hakimi olan adalı 2007-ci ildə İntertoto kubokunda təmsilçimizin görüşünə şahidlik edib. Həmin vaxt “Bakı”nın “Daçiya” ilə Moldovadakı qarşılaşmasında fit çalan Leontios 2 oyunçumuz – Vüqar Quliyevlə Cəmşid Məhərrəmovu sarı vərəqə ilə cəzalandırmışdı. Amiran Mucirinin qolumuza imza atdığı matç 1:1 hesabı ilə nəticələnmişdi. İlk oyunda da eyni nəticə qeydə alındığından mərhələ adlayan komanda penaltilər seriyasında müəyyənləşmişdi. Meydan sahibləri 6 il əvvəl 3:1 hesablı qələbəyə sevinmişdi. Maraqlıdır ki, indi Moldovadan məğlub dönən təmsilçimizi indi “Neftçi”nin baş məşqçisi olan Böyükağa Hacıyev çalışdırırdı. Təcrübəli mütəxəssis 2-ci dəfə Trattou ilə görüşəcək. Lakin bu dəfə görüş Bakıda olacaq.

Elə həmin 2007-ci ildə futbolçularımızın daha bur səfəri onları Trattou ilə üz-üzə qoydu. Avro-2009-un seçmə mərhələsində çıxış edən U-21 yığmamız İtaliya səfərində meydana çıxmağa peşman oldu. Appeninlilər həmin qarşılaşmada 5 cavabsız qolla Trattounu bizim üçün uğursuz hakimə çevirdi.

35 yaşlı kiprli ədalət təmsilçisi 2010-cu ildən UEFA-nın hakimlər üçün 1-ci kateqoriyasına daxildir. Avropa liqasının qrup oyunlarına da təyinat alan referi daha nüfuzlu Çempionlar liqasının təsnifat mərhələlərindən o yana getmir.