“Çempionlar Liqası ərəfəsində hücum xəttimizi daha da gücləndirdik”
08.07.2013 - 13:39
“Çempionlar Liqası ərəfəsində hücum xəttimizi daha da gücləndirdik”
“Makedoniya milli komandasının futbolçusu Muzaffar Eyupi ilə müqavilə imzaladıq. Onu heyətə qatmaqla Çempionlar Liqası ərəfəsində hücum xəttimizi daha da gücləndirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın “Skenderbeu” klubunun baş məşqçisi Mirel Yosa deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Korça təmsilçisi daha bir transfer gerçəkləşdirib. Baş məşqçi Makedoniya “Şkendiya”sından transfer edilən futbolçunun avrokuboklarda fayda verəcəyini düşünür: “Açığını deyim ki, bu futbolçunu canlı izləməmişəm. Yalnız “Youtube”da onun iştirakı ilə bəzi fraqmentləri görmüşəm. Buna əsasən deyərdim ki, Eyupi çox yaxşı futbolçudur. Hazırda hücum xəttimizdə Pero Pejiç, Mario Kamen, Mario Morina və Artnad Tahirllari kimi oyunçularımıza daha birinin qoşulması yaxşı haldır. Ön xətdə rəqabət də artacaq. İndi hər şey Eyupinin məşqlərdə özünü necə göstərməsindən asılıdır”.

Qeyd edək ki, Eyupi Makedoniya yığmasında ötən il debüt edib.