“Ola bilər ki, bir “10” nömrə futbolçu alaq” - MÜSAHİBƏ
08.07.2013 - 17:34
“Ola bilər ki, bir “10” nömrə futbolçu alaq” -  MÜSAHİBƏ
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

- Qəbələdə boks üzrə komandanız ilə “Fənərbaxça” arasında görüş keçirildi. Bu qarşılaşma haqqında fikirlərinizi bilmək istərdik?
- Burda iki möhtəşəm komanda iştirak edirdi. Bu matçı keçirməkdə məqsədimiz regionda, ümumiyyətlə ölkəmizdə boksun inkişafına təkan verməkdir. Belə oyunlar iki qardaş ölkədə bağların daha da yaxşılaşdırılmasına kömək edir. Mənə elə gəlir ki, təşkilatçılıq qaydasında idi. Yəqin siz də bununla razılaşarsız. Gələcəkdə belə görüşləri geniş miqyasda keçirməyə çalışacağıq.

- “Qəbələ”nin futbol, boks və karate komandaları var. Bundan sonra hansı idman növləri üzrə komanda yaratmağı düşünürsünüz?
- Atçılıq, cüdo və digər idman növləri üzrə komandalarımız da var. 3-4 aydır ki, Qəbələdə həm boks, həm də karate növlərində pulsuz bölmələr açılıb. Bölmələrdə artıq 100-dən çox idmançılar məşq edir. Gənclər və yeniyetmələrimizin axmaq işlərə qurşanmasındansa, məncə, belə idman növləri ilə məşğul olması daha yaxşı olar.

- Digər idman növlərində hansı klublar belə yoldaşlıq oyunlarına dəvət oluna bilər?
- Yaxın vaxtlarda cüdoda belə bir şey gözlənilir.

- Hansı klubu Qəbələyə çağıracaqsınız?
- Klub kimi deyil, daha çox şəxsi idmançıları çağırmağı düşünürük. Yoldaşlıq görüşü yox, ola bilər turnir təşkil edək. Ancaq bunu yaxın günlərdə yox, gələcəkdə keçirməyi fikirləşmişik.

- “Gabala Cup”da olduğu kimi, deyəsən, budəfəki görüşdə də hakimlikdə nöqsanlar vardı. Hətta fikir verdik ki, siz ədalətli şəkildə 3-cü döyüşdə hakimlərin “Qəbələ” boksçunun xeyrinə qərar verməsini narazılıqla qarşıladınız...
- Ola bilər. Həm 3-cü, həm də sonuncu döyüşdə “Fənərbaxça” idmançısı qalib gəlməli idi. Məncə, rəqib komandanın üzvləri həmin döyüşlərdə üstün olmuşdu. Ancaq hakimlər daha peşəkardır, onlar qaydaları bizdən daha yaxşı bilir.

- Futbola keçək. “Qəbələ” hazırda Türkiyədə hazırlıqlarda iştirak edir. Komandanın təlim-məşq toplanışını izləməyə gedəcəksiniz?
- Bəli. Mən iyulun 10-da “Antalyaspor” və 13-də “Mersin İdman Yurdu” ilə yoxlama oyunlarını izləməyə gedəcəyəm.

- Hazırlıqlar haqqında yəqin ki mütəmadi olaraq məlumat əldə edirsiniz. Bu haqda nə deyə bilərsiniz?
- Komanda tam komplektləşib. Ola bilər ki, bir “10” nömrə futbolçu alaq. Bu haqda Yuri Pavloviçlə söhbətimiz olub. “Trabzonspor”la oyundan sonra onun fikri bilinməli idi ki, bizə belə futbolçu lazımdır, ya yox.

- Yuri Syominin yenə tanıdığı futbolçu alınacaq?
- Çalışırıq ki, baş məşqçinin tanıdığı futbolçu olsun. Çünki futbolçunu çalışdırıcı gətirəndə daha məqsədəuyğun olur.

- Avstriya toplanışı zamanı 3 oyun keçirəcəksiniz. Sınaqçı rəqiblər bilinirmi?
- Sözün düzü, rəqiblərin kimliyini mən özüm də bilmirəm. Hələ bəlli deyil.

- Siz dediyiniz “10” nömrə “Trabzonspor”la oyunda sınanılıb?
- Biz tanıdığımız futbolçunu gətirmək istəyirik. Ona görə də baxışa yox, birbaşa müqaviləyə oyunçu tapmaq niyyətimiz var. Bu məsələ üzərində də iş gedir.

- Qışda Buxarest “Dinamo”sundan komandaya cəlb olunmuş Kristian Pulhakı Qəbələdə gördük. Rumıniyalı müdafiəçi ilə yollar ayrılır?
- Pulhakla ayrılmaq haqqında hazırda danışıqlar gedir. Amma bu məsələ hələ tam yekunlaşmayıb. Ola bilər ki, getməsin, qalsın.

- Baş məşqçiniz onun getməsini, yoxsa futbolçunun özü sizdən ayrılmağı istəyir.
- Syomin bunu istəyir.

Səbuhi TOFİQOĞLU