“Rudar”, “Jeness” və “Differdanj” növbəti təsnifat mərhələsində - YENİLƏNİB
09.07.2013 - 23:23
“Rudar”, “Jeness” və “Differdanj” növbəti təsnifat mərhələsində - YENİLƏNİB
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində təmsilçilərimiz - “Qarabağ”, İnter” və “Xəzər Lənkəran”ın da iştirak etdiyi yarışda, ötən gün yalnız üç qarşılaşma keçirilib.

İlk matçda doğma azarkeşləri önündə Ermənistan “Mika”sını minimal hesabla məğlub edən Monteneqro təmsilçisi “Rudar” səfərdə də istədiyinə nail olub – 1:1.

Birinci görüşdə “Jeness”ə 2 top fərqi ilə uduzan TPS isə bunun revanşını almaq niyyətində idi. Lakin finlandiyalılar istənilən nəticəni əldə edə bilməyiblər. Düzdür, TPS rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Amma qonaqların vurduğu tək qol onları növbəti təsnifat mərhələsindən məhrum edib.

Gecənin sonuncu qarşılaşmasında isə Lüksemburq “Differdanj”ı ilə Albaniya “Laçi”si münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə meydan sahiblərinin turu keçəcəyi inandırıcı görünürdü. Çünki “cırtdan” ölkəsinin təmsilçisi ilk oyunda meydan sahibləri üzərinə minimal hesablı qələbə qazanmağı bacarmışdı. Bu oyunda da “Differdanj” yenə rəqibinə qalib gəlib – 2:1.

Beləliklə, “Rudar”, “Jeness” və “Differdanj” növbəti təsnifat mərhələsinə adlayıb.

Qeyd edək ki, təmsilçilərimiz - “Qarabağ”, İnter” və “Xəzər Lənkəran”ın oyunları ayın 11-də keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi (cavab oyunları)
9 iyul

“Mika” (Ermənistan) - “Rudar” (Monteneqro) - 1:1
Qollar: Qazaryan, 45+1 - Stoyanoviç, 85
(İlk oyun - 0:1)

TPS (Finlandiya) - “Jeness” (Lüksemburq) - 2:1
Qollar: Vitali, 38-avtoqol, Riski, 88 - Vanq, 80
(İlk oyun - 0:2)

“Differdanj” (Lüksemburq) - “Laçi” (Albaniya) - 2:1
Qollar: Rafik, 55; 75 - Nimani, 38
(İlk oyun - 1:0)