“Oynadığım “Simurq” “İnter”in “kiçik qardaşı” idi” - MÜSAHİBƏ
09.07.2013 - 16:35
“Oynadığım “Simurq” “İnter”in “kiçik qardaşı” idi” - MÜSAHİBƏ
Zaqatalanın “Simuqr” klubunun sabiq futbolçusu Marçin Burkhardt Polşa mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, hücumçu Azərbaycan karyerası haqda fikirlərini açıqlayıb.

- Son mövsümü Azərbaycanda keçirmisiniz. Bu ölkənin çempionatı haqda nə deyə bilərsiniz?
- Yavaş-yavaş bu ölkənin çempionatı ciddi səviyyəyə qalxır. Azərbaycanın “Qarabağ” klubu ilə Avropa Liqasında oynamalı olan “Pyast”ın işi çox çətin olacaq. Ağdan təmsilçisi və indiki çempion “Neftçi” – indi Azərbaycanın 2 ən güclü klubudur. Onların hər ikisi asanlıqla Polşa çempionatının ilk “5-liy”ində yer ala bilər. Digər komandalar isə “Neftçi” ilə “Qarabağ”ın zəif oynadığı vaxtlarda onlara çatmağa çalışır. Mənim oynadığım Zaqatalanın “Simurq” klubu “İnter”in “kiçik qardaşı” idi. Azərbaycanda bir sahibkar 2 və ya daha çox klub saxlaya bilər. Belə olanda futbolçulara, məşqçilər sərbəst yerlərini dəyişə bilər. Ya da ki, başqa işlər görür.

- Klubun içində klub yaradıb?
- Mən dedim ki, başqa işlər (gülür).

- Azərbaycanda yaxşı qazana bildiniz?
- Bizim sponsor “İnter”in təsisçisi olan Azərbaycan Beynəlxalq Bankı idi. Azərbaycanda əsas problem stadionlarda azarkeşlərin yoxluğudur. Bilmirəm ki, bu pis reklamın, yoxsa nəyin nəticəsidir. Amma azərbaycanlılar futbola televiziyadan baxmağa üstünlük verir. Maraqlıdır ki, çempionat oyunlarına bilet satılmır. Yəni giriş pulsuz olur. Bizim Zaqataladakı oyunlara 500-600 azarkeş gəlir. Başqa yerlərdə minə də çatır. Qadınlar isə matçlara getmir. Stadionda xanım görəndə hamı bilir ki, bu hansısa legionerin həyat yoldaşıdır. Azərbaycanlılar isə yoldaşlarını evdə qoyur. Lakin yığmanın Portuqaliya ilə oyununda 30 min tamaşaçı var idi. “Neftçi”nin İtaliya “İnter”i ilə görüşündə isə bundan da çox idi.

- Legionerlər Azərbaycan klubuna keçməyə həvəsli olurlar?
- Bizim komandada 8 əcnəbi var idi. Limitə görə onlardan biri oynaya bilmirdi. Hətta limitin pozulmasına görə 1 oyunda – “Rəvan”la görüşdə bizə texniki qələbə də verilmişdi. Azərbaycanda uzun müddətli müqavilələr dəbdə deyil. 1 illik anlaşmalar imzalayırlar. Sonra isə komandanı sanki sıfırdan yığırlar. Klubların büdcəsi 15-25 milyon dollara yaxındır. “Neftçi”ninki 25 milyondur. Buna görə də güclü komanda yaradıblar.

- “Simurq” üçün 4-cü yer uğur sayılır?
- Demək olar ki, hə. Düzdür, ilk “altılığ”a düşmək vəzifəsini həll edəndən sonra medallar uğrunda da mübarizə aparmaq olardı. Amma nəzərə almalıyıq ki, mövsüm ərəfəsində 12 oyunçu ilə toplanışa başlamışdıq.

- Azərbaycanda yaşamaq necədir?
- Bakıda xariciləri tapmaq daha asandır. Lakin orada heç nə yoxdur. Bakı sadəcə gözəl Avropa şəhəridir. Zaqatala isə dağlarda kurort şəhəri sayılır. Təəssüf ki.ş orada da maraqlı bir şey yoxdur. Hələlik yalnız işlər gedir. Biz bazada qalırdıq. Sanki hərbi şəraiti idi. Bu şərait əksər futbolçular üçün geri addım idi. Lakin pul qazanmaq və özümüzü göstərmək istəyirdik. İtaliya “İnter”i ilə 2:2 hesablı heç-heçə edən “Neftçi”yə çatmaq üçün çalışırdıq.

- “Simurq”dan sonra “Zavişa”ya keçidiniz gündəmdə idi?
- Bu xəbər həqiqəti əks etdirmir. Mən bu komanda ilə məşq edirəm ki, formamı saxlayım. Həm də klub axtarıram. Ötən il də bir az gec klub tapdım. Hamı bunu yaşımla izah edirdi. Mən onlara demək istəyirəm ki. hələ qoca deyiləm.