Azərbaycanlı tələbələr Türkiyədəki futbolçularımıza dəstək verdi - FOTOSESSİYA
09.07.2013 - 19:43
Azərbaycanlı tələbələr Türkiyədəki futbolçularımıza dəstək verdi - FOTOSESSİYA
Azərbaycanlı tələbələrdən millimizin və “Dənizlispor”un yarımmüdafiəçisi Arif İsayevlə, müdafiəçi Saşa Yunisoğluna dəstək gəlib. Apasport.az saytının məlumatına görə, PAÜ Acıpayam Peşə Yüksək Məktəbinin müdiri Turqut Tok və tələbə mübadiləsi layihəsindən olan Azərbaycan Slavyan Universitetinin Türkiyə Araşdırma Mərkəzinin rəhbəri Aygül Hacıyeva ilə birlikdə beynəlxalq münasibətlər fakültəsinin tələbələri Qara dəniz təmsilçisinin qonağı olub.

Dənizli klubunda qonaqları klub prezidenti Süleyman Urkay qəbul edib. O, azərbaycanlıların bu ziyarətinə görə şad olduqlarını bildirib və onları mövsümün açılış matçına dəvət edib.

Göstərilən isti münasibətə görə təşəkkür edən Azərbaycan Slavyan Universitetinin Türkiyə Araşdırma Mərkəzinin rəhbəri Hacıyeva “Dənizlispor”un azərbaycanlı futbolçuları - Arif İsayev və Saşa Yunisoğlu ilə görüşüb, komanda üzvlərinə şirniyyat paylayıb və yeni mövsümdə uğurlar diləyib.

Daha sonra klub prezidenti Süleyman Urkaya Azərbaycan bayrağı hədiyyə edən tələbələr komandanın məşqini izləyib və xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, Saşa Yunisoğlu ötən gün “Dənizlispor”la 2 illik müqavilə imzalayıb.