Polşalı qapıçı “Simurq”da
09.07.2013 - 20:24
Polşalı qapıçı “Simurq”da
"Simurq" Türkiyədə təşkil olunmuş təlim-məşq toplanışında baxışdan keçən bir futbolçu haqqında qərar verib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, məşqçilər korpusunun rəyi əsasında Pavel Kapsa növbəti mövsümdə Zaqatala təmsilçisinin formasını geyinəcək.

Artıq polşalı qapıçı ilə ilkin razılıq əldə edilib. Təcrübəli əlcək ustası tibbi müayinədən keçdikdən sonra komanda ilə 1+1 sistemi üzrə rəsmi müqaviləyə imza atacaq. 30 yaşlı Pavel "Simurq"da "1" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Pavel Kapsanın son klubu Cənubi Kiprin "Olimpiakos" olub. Karyerası ərzində isə "Ostrovets", "Visla", "Vidzev", "Leçia", "Alki"-də forma geyinib. Komandanın yeni qapıçısı həmçinin ölkəsinin aşağı yaş qruplarından ibarət yığmalarının heyətində də oynayıb.