“Skenderbeu” bombardirini cərimələdi
10.07.2013 - 16:38
“Skenderbeu” bombardirini cərimələdi
“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan Albaniyanın “Skenderbeu” klubunun rəhbərliyi icazəsiz Çinə gedən bombardir Pero Pejiçi bağışlamayıb. Apasport.az saytının məlumatına görə, “Pekin Baksi Yunayted” klubu ilə son anda razılığa gələ bilməyərək, Korça təmsilçisinə qayıdan xorvatiyalı hücumçu üzrxahlıq etsə də, cəzadan qaça bilməyib.

Kluba yaxın mənbələr bu informasiyanı təsdiq edib ki, Albaniya Futbol Federasiyasına rəsmi məktubla müraciət olunub. Orada Peronun təlim-məşq toplanışında olmadığı müddətdə, hazırlıqda buraxdığı 5 günün hər birinə görə 1000 avro cərimə nəzərdə tutulub. Albaniyalı həmkarımız məsələni aydınlaşdırmaq üçün klubun mətbuat xidmətinə müraciət etsə də, reaksiya gəlməyib.

Pejiç 2 həftə öncə Çindən təklif alanda, ilkin olaraq 300 min dollarlıq müqavilə vəd olunmuşdu. Ancaq futbolçu Pekinə gələndə, vəziyyət dəyişərək tam fərqli anlaşma təklifi alıb. Belə ki, söz veriləndən 60 min dollar aşağı məbləğ verilib. Bu zaman hücumçu komandasına qayıtmağı lazım bilərək hərəkətinə görə rəsmi şəkildə üzr istəyib. Pero bununla rəhbərliyin onu bağışlayacağına ümid edib.

İstənilən halda, Pejiçin iyulun 17-də Bakıdakı oyunda komandanın sərəncamında olacağı bildirilir. Baş məşqçi Mirel Yosa taktiki sxemi dəyişərək, 4-5-1-lə oynayacaq. Bu zaman Pero yeganə hücumçu kimi mərkəzdə qərarlaşacaq.