“Slima”nın baş məşqçisi: Bu, mərhələ keçmək iddiamızı göstərir
10.07.2013 - 17:48
“Slima”nın baş məşqçisi: Bu, mərhələ keçmək iddiamızı göstərir
“Biz Lənkərana gəzməyə, istirahət eləməyə yox, nəticə dalınca gəlmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Maltaın “Slima” klubunun baş məşqçisi Alfonso Qreko deyib. İtaliyalı mütəxəssis “Xəzər Lənkəran”la Avropa Liqasının I təsnifat mərhələsində cavab oyunu öncəsi bu gün keçirilən mətbuat konfransında fikirlərini bildirib.

Onun sözlərinə görə, komanda evdə 1:1 hesablı nəticədən sonra da mərhələyə keçəcəyinə inanır: “Biz bura oyundan 3 gün öncə gəlmişik. Bu da onu göstərir ki, mərhələ keçməyə iddiamız var. Əslində, biz “Xəzər Lənkəran”la oyunlara hazırlığa iyunun əvvəlindən başlamışıq. Rəqibin heyətində ən çox çəkindiyim futbolçu Sadio Tounkaradır”.

Qeyd edək ki, Sadio Maltadakı oyunda komandası hesabı açarkən braziliyalı komanda yoldaşı Junior Nildoya məhsuldar ötürmə verib.