Qurban Qurbanov: Rəqib 1 qol vursa, daha rahat oynayacaq - MÜSAHİBƏ
10.07.2013 - 19:29
Qurban Qurbanov: Rəqib 1 qol vursa, daha rahat oynayacaq - MÜSAHİBƏ
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov az öncə mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, 41 yaşlı çalışdırıcı Avropa Liqasının I təsnifat mərhələsində Makedoniyanın “Metallurq” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb.

Əslində, öncədən Qurbanovun jurnalistlər qarşısına 19:30-da çıxacağı deyilsə də, sonradan vaxtda dəyişiklik olub. Belə ki, çalışdırıcı sabah matç keçiriləcək Tofiq Bəhramov adına Respublika stadionunda məşqlərindən sonra – 20:18-də konfrans zalına gəldi. Ondan dərhal sonra Skopye təmsilçisinin baş məşqçisi Srjan Zahariyevskinin jurnalistlərin suallarını cavablandırmağı nəzərdə tutulmuşdu.

- İnşallah, 2 oyunun qalibi olmağa çalışacağıq. “Metallurq” təhlükəli rəqibdir. Bunu ilk oyunun əvvəlindən hiss etdik. Onlar bizi yaxşı təhlil etmişdilər. Skopyelilərin bizim haqda informasiyası çox idi, nəinki bizim onlar haqda. Biz də əldə etdiyimiz videoyazılarla rəqibi təhlil etdik. 1:0 hesabı ilə qalib gəlsək də, bizə heç də asan olmayacaq.

- Komandanız bugünkü məşqdə daha çox standart vəziyyətlər üzərində işlədi. Bu, nə ilə əlaqədardır?
- Bu günkü məşqdə standart vəziyyətlərə daha çox diqqət yetirdik. Sabah səhər də məşqimiz olacaq. Rəqib standart vəziyyətlərdə təhlükəlidir.

- Sizcə, “Qarabağ” qrup mərhələsinə düşməyə hazırdırmı?
- Gəlin, birdən-birə özümüzü yükləməyək, indidən bu haqda düşünməyək. Hər oyunda qalib gəlməyə, yaxşı oyun, sürətli futbol göstərməyə çalışırıq. Çatışmazlıq həmişə olacaq. Bu oyunu fikirləşirik, sonra digər rəqiblər haqda düşünərik.

- Komandada son durum necədir? Admir Teli məşqdə barmağından zədələndi...
- Durum pis deyil. Əlbəttə, hələ pik nöqtədə deyilik. Telinin dırnağı ətdən çıxdı, tikiş qoyuldu. Durumuna sabah aydınlıq gələcək. Meydana rahat çıxmayacağıq. 1:0 sürüşkən hesabdır. Rəqib 1 qol vursa, daha rahat oynayacaq. Öz oyunumuzdan əl çəkməyəcəyik.

- 3 il öncə oynadığınız “Metallurq”la indikini daha ilə müqayisə edərdiniz?
- Bu müddətdə komanda çox dəyişib. Bu, ilk növbədə baş məşqçi ilə bağlıdır. Komandanın oyun üslubu dəyişib, nəticəyə oynayır. İndiki “Metalluqr” daha yaxşıdır, beynəlxalq təcrübəsi böyükdür. Çempionatda son 13 oyunda uduzmayıb, qol vurub.

- “Qarabağ”da namaz qılan futbolçuların sayı çoxdur. Futbolçuların oruc tutmağı isti havada mənfi təsir etməyəcək?
- Düşünürəm ki, Azərbaycanda namaz qalanların sayı çoxalıb, “Qarabağ”da isə belə futbolçular azdı. Futbolçular ilk növbədə peşəkardırlar. Havalar sərin keçir. Axşam 9-da oynayacağıq, problem olmamalıdır.

Mehman SÜLEYMANOV