Klublarımız avrokuboklarda neçə mərhələ keçiblər?
12.07.2013 - 13:33
Klublarımız avrokuboklarda neçə mərhələ keçiblər?
Avropa Liqasının I təsnifat mərhələsi Azərbaycan klubları üçün uğurlu alındı. Apasport.az saytının məlumatına görə, hər 3 komandamız ilk mərhələni adlamağı bacardı.

“Xəzər Lənkəran” Maltanın “Slima”, “İnter” Finlandiyanın “Mariehamn” klubunu 1 qələbə və 1 heç-heçə etməklə keçib. Onların hər ikisi ardıcıl 2-ci dəfə eyni turnirdə buna nail olub.

Lakin bakılılar ümumilikdə daha çox – 4 dəfə dueldən qalib ayrılıblar. Onlar bu göstəricidə 3-cü nəticəyə malikdir. “Xəzər Lənkəran” isə mərhələ adlayan 7 təmsilçimiz arasında 4-cü yerə yüksəldi.

1994-cü ildən avrokuboklarda çıxış edən klublarımız 19 il ərzində ümumilikdə 24 dəfə mərhələnin qalibi olub. Bunu bacaran 7 komanda arasında rekordçu “Qarabağ”dır. 5-ci mövsümdür ilk addımda yıxılmayan ağdamlılar üst-üstə 9 mərhələni arxada qoyublar.

Azərbaycan klublarının avrokuboklarda keçdiyi mərhələlərin sayı

9 - “Qarabağ” – 1 (1999/2000), 2 (2009/10), 3 (2010/11), 2 (2011/12), 1 (2013/14)
6 - “Neftçi” – 1 (2004/05), 1 (2005/06), 2 (2008/09), 2 (2012/13)
4 - “İnter” – 1 (2004/05), 1 (2008/09), 1 (2012/13), 1 (2013/14)
2 - “Xəzər Lənkəran” - 1 (2012/13), 1 (2013/14)
1 - “Şəmkir” – 1 (2000/01)
1- “Karvan” – 1 (2006/07)
1 - “Bakı” – 1 (2009/10)