“İnter”in hazırkı rəqibi ötən il “Partizan”ı yensəydi...
12.07.2013 - 15:46
“İnter”in hazırkı rəqibi ötən il “Partizan”ı yensəydi...
“İnter” dünən “Mariehamn”a qalib gəlməklə Avroliqanıı II təsnifat mərhələsində ölkəmizi təmsil etmək hüququ qazandı. Apasport.az saytının məlumatına görə, “bankirlər”in rəqibi Norveç təmsilçisi “Tromsö” oldu. Beləliklə, “İnter”in Finlandiyanın ardından daha bir Skandinaviya ölkəsinə gedəcəyi dəqiqləşdi. İndi isə gəlin “Tromsö”nü yaxından tanıyaq.

Bu klub 1920-ci ilin sentyabrın 15-də Norveçin Tromsö şəhərində yaradılıb. Ev oyunlarını 1987-ci ildən bəri 6859 tamaşaçı tutumuna malik olan “Alfheym” stadionunda keçirir. Maraqlıdır ki, “Tromsö” dünyada elitada çıxış edən klublar arasında ən şimalda yerləşir. Bu klub şimal qütbünün 500 km məsafəsindədir.

Tromsö təmsilçisi ilk dəfə 1985-ci ildə Norveç Premyer Liqasına yüksəlib. Ondan bəri yalnız bir dəfə - 2002-ci ildə birinci dəstədə çıxış ediblər. Elitada çıxış etdikləri debüt ilində isə Norveç Kubokunu qazanıblar. 1996-cı ildə isə regional rəqibləri olan “Budö-Qlimt”i üstələməklə, 2-ci dəfə bu kuboku əldə ediblər. Hələ Norveç çempionu ola bilməsələr də, 2 dəfə gümüş, 3 dəfə isə bürünc medal qazanıblar.

3 dəfə isə 1969-cu ilə kimi keçirilən Şimali Norveç kubokunu (o vaxt Norveçin şimal klubları ölkə kuboku turnirinə buraxılmırdı – red.) baş üzərinə qaldırıblar.

“Tromsö” 1997-ci ildə Kuboklar Kubokunun 2-ci mərhələsində evdə “Çelsi”ni məğlub etmiş komandadır – 3:2. Ancaq “Stemford Bric”də londonlular bu yenilginin qisasını artıqlamasıyla çıxıblar – 7:1. Norveç dilindən tərcümədə “oğlanlar”, “gənclər” mənasını verən “Qutan” ləqəbli komanda 2005/06 mövsümündə tarixində ilk və hələ ki son dəfə UEFA Kubokunun qrup mərhələsində iştirak edib. Maraqlıdır ki, onda norveçlilər məhz “Qalatasaray”ı mübarizədən kənarlaşdırıb qrupa adlamışdı.

Ötən mövsüm isə Norveç klubu Lyublyana “Olimpiya”sı, Donetsk “Metallurq”unu Avroliqadan kənarlaşdırsa da, pley-offda “Neftçi”nin qrupda rəqibi olmuş “Partizan” səddindən keçə bilməmişdilər. Deməli, serbləri keçsəydilər, biz ötən il bu klubu Bakıda görə bilərdik. Maraqlıdır ki, ötən mövsümü 4-cü pillədə başa vuran “Tromsö” də “Mariehamn” kimi feyr-pley sayəsində Avroliqada iştirak etmək hüququ qazanıb. Hazırda “oğlanlar” Norveç çempionatında 15 turdan sonra 8-ci pillədədir.

Byörn Nilsenin prezidenti olduğu komandanın baş məşqçi funksiyasını Aqnar Kristensen icra edir. 44 yaşlı məşqçiyə komanda bu ildən etibar olunub. Hazırda “Tromsö”dən Norveç yığmasına yalnız 25 yaşlı müdafiəçi Ruben Kristiansen çağırılır. Legionerlərdən heyətdə isveçli qapıçılar – Markus Salman, Benni Lekström, polşalı Yaroslav Foyut, çexiyalı Zdenek Ondraşek, “Fulhem”dən icarəyə götürülmüş uelsli Coş Pritçard, seneqallı Saliu Siss, serbmənşəli isveçrəli Aleksandar Priyoviç və finlandiyalı kapitan Miika Koppinen yer alır.